Helena Bonem Karter
Aktrisa
Helena Bonem Karter 26 may 1966-cı ildə Londonun Qolders Qrin qəsəbəsində (İngiltərə) anadan olub. Anası psixoterapevt, atası bank işçisi olub. Helenanın iki qardaşı var. Karterlər ailəsinin siyasət və şou-biznes aləmi ilə geniş bağları olub. Böyük Britaniyanın keçmiş baş naziri Lord Askvitin ulu nəvəsi və baronessa Bonem Karterin nəvəsidir. Əmisi oğlu Krispin Bonem Karter də aktyordur. Helena ibtidai və orta təhsilini Vestminster məktəbində alıb. Beş yaşı olanda anası əsəb sarsıntısı keçirib və yalnız 3 ildən sonra özünə gəlib. Anası sağalandan beş il sonra atasının bir qulağı kar olub. Şişin götürülməsi ilə bağlı əməliyyat insultla nəticələnib və ömrünün sonuna kimi əlil arabasına möhtac qalıb. Anasına ev işlərində kömək etmək üçün Helena və iki qardaşı kolleci yarımçıq buraxıblar. 1979-cu ildə “Üzüm tənəyi” adlı şeiri ilə poeziya müsabiqəsində qalib gəlib. Əldə etdiyi pul mükafatını kastinq kataloqunun hazırlanmasına sərf edib. “Fransız leytenantın qadını” adlı filmə baxdıqdan sonra aktrisa olacağına qərar verib. Kinoda debütünü 5 yaşında “Arzuların öldüyü yer” adlı yerli sabun operasında epizodik rolla gerçəkləşdirib. 13 yaşı olanda “Romeo və Culiyetta”nın radio tamaşasında baş qadın obrazını səsləndirib. İlk baş rolu “Ledi Ceyn” filmində olur. 1986-cı ildə karyerasında sürətli tərəqqi dövrünü başladan “Mənzərəli otaq” filminə çəkilir. Filmin fantastik uğurundan sonra müxtəlif televiziya və kino layihələrinə dəvətlərin ardı-arası kəsilmir. 2011-ci ildə “BAFTA” mükafatı laureatı olub. Yeddi qat “Qızıl Qlobus” mükafatı namizədidir (1994, 1998, 1999, 2003, 2008, 2011, 2014), iki dəfə “Oskar” mükafatının nominantı olub. Daha çox “Səfillər” (2012) filmində Madam Tenadyer, “Döyüş klubu” (1999) filmində Marla Singer, “Kral danışır” (2010) filmində kraliça Yelizaveta rollarına görə tanınır. Ona şöhrət qazandıran filmlər rejissor E.M. Forsterin ekran əsərləri olub (“Hovards End”,“Mənzərəli otaq”, “Mələklərin ayaq basmağa qorxduğu yer”). “Frankenşteyn Meri Şelli” filminin çəkilişlərində aktyor Kennet Branla tanış olur. Bir müddət sonra isə romantik münasibətləri sona çatır. 2001-ci ildən etibarən rejissor Tim Börtonla faktiki nikahda olub. Rejissorla “Meymunlar planeti” fantastik filminin çəkilişlərində tanış olub. Uzun müddət Londonun Belzise Park adlı rayonunda yaşayıblar. 2003-cü ildə oğulları Billi Börton, 2007-ci ildə isə qızları Nell Börton dünyaya gəlib. Tim Börtonun başı kino premyeralarından və çəkilişlərindən açılmadığından, uzun müddət qızı adsız qalıb. 2008-ci ildə aktrisanın dörd yaxın qohumu CAR-da baş verən avtomobil qəzasında həlak olub. İnsidentlə əlaqədar “Terminator: Qurtuluş” filminin çəkiliş pavilyonundan ayrılmalı olur. Yalnız çəkilişin son günlərində yenidən studiyaya qayıdır. Börton və Helena Conni Depplə ailəvi dostdurlar. Börton çox vaxt filmlərinə faktiki həyat yoldaşı Helenanı və ən yaxşı dostunu çəkir. Depp onların hər iki övladının xaç atasıdır. Helena aktiv şəkildə xeyriyyəçiliklə məşğuldur. 2014-cü ilin dekabr ayında Tim Börton və Helena Bonem Karter 13 illik birgə yaşayışdan sonra ayrıldıqlarını elan ediblər. Ayrılmalarına baxmayaraq, dost münasibətlərini qoruyub saxlayıblar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Helena_Bonham_Carter