Euxenio Derbes
Aktyor, ssenarist, prodüser
Euxenio Derbes 2 sentyabr 1962-ci ildə Mexiko şəhərində (Meksika) sənətçi ailəsində dünyaya göz açıb. Anası tanınmış aktrisa Silviya Derbes, atası yazıçı-publisist Euxenio Qonsales Salasdır. Uşaqlığından bəri aktyorluq sənətinə böyük maraq göstərib. Uşaq olanda teatrlara və çəkiliş meydançalarına baş çəkib. 12 yaşında isə televiziyada debütünü edib. Telenovellaların birində ikinci plan rola dəvət olunub. Ardınca bir sıra telelayihələrdə ikinci dərəcəli aktyor qismində iştirak edir. Məktəbdə oxuduğu illərdə Derbes rəqs, musiqi və vokalla məşğul olub. Bütün bu bacarıqları gələcək karyerasında ona lazım gəlib. 19 yaşında olanda artıq özünə hansı peşəni seçəcəyinə tam qərar vermişdi. O, aktyor sənəti kurslarına yazılır, kursları başa vurduqdan sonra teatr səhnəsinə çıxır. Kinoda daha çox “Təlimat nəzərdə tutulmur” (2013), “Latın məşuq olmağın yolu” (2017), “Geoqasırğa” (2017), “Maygülü” (2018) filmlərində oynadığı rollara görə tanınır. Ümumilikdə aktyor olaraq karyerası ərzində 60-dan çox televiziya və bədii filmə və seriala çəkilib. Euxenionun ilk həyat yoldaşı həmkarı Viktoriya Ruffo olub. Azərbaycan tamaşaçısına 90-cı illərin məşhur sabun operası olan “Sadə Mariya”nın baş rol ifaçısı kimi tanışdır. Birgə nikahdan Xose Eduardo Derbes adlı övladları var. Ancaq evliliyin ömrü beş ildən də az çəkib. İkinci dəfə evlənməyə aktyor artıq tələsməyib. Yalnız 2012-ci ildə model və aktrisa Alessandro Rosaldo ilə ailə qurub. 700 qonağın xüsusi dəvət aldığı dəbdəbəli toy internetlə canlı yayımlanıb. Onların Aytana adlı qızları var. Ailə Los-Ancelesdə yaşayır. Onun nikahdan kənar doğulmuş Vadir adlı oğlu və Ayslin adlı qızı da var. Onları öz himayəsinə götürüb. 3 övladı onun tutduğu yolla gedir və kinoda nailiyyətlər əldə edirlər. Euxenio Derbes aktiv şəkildə humanitar fəaliyyətlə məşğul olur. Vegeteriandır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: