Robert De Niro

Robert De Niro

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Robert de Niro 17 avqust 1943-cü ildə Nyu-Yorkda (ABŞ) anadan olub. İstedada malik valideynlərin övladı olsa da, uşaqlıq dövrlərindən onun üçün heç də parlaq xatirələr qalmayıb. Əksinə, balaca Robert cürbəcür sıxıntılar yaşayıb. Üç yaşı olar-olmaz, atası ilə anası ayrılır və onun uşaqlığı Manhettendə "Kiçik İtaliya" adlanan məhəllədə keçir. Və Robertin təlim-tərbiyəsi ilə bütövlükdə anası məşğul olur. Həmin dövrlərdə o, digər uşaqlardan seçilmirdi, arıq bir oğlan idi. Əksər uşaqlar kimi Robert də məktəbə gedir. Dərslərində həmyaşıdlarından o qədər seçilməsə də, kiçik De Niro məktəbdə, həm də küçə teatr truppalarının hazırladığı tamaşalarda iştirak edirdi. Və bütün bunları gələcək şedevrin ilk rolları da adlandırmaq olardı. Oxuduğu məktəbdə bu xoşsimalı, arıq, ağbəniz Roberti "Südlü Bobbi" adlandırırdılar. Məhz elə həmin illərdə kiçik Robert hiss edirdi ki, aktyor olmaq istəyir və bu arzusunun qarşısında dayana bilmir. Beləliklə, bu duyğular onu öz arxasınca çəkib aparır. O, 16 yaşında məktəbi atıb özünü bu yola həsr etmək üçün fəaliyyətə başlayır. Robert 16 yaşında incəsənət məktəbinə daxil olur və bununla da onun aktyorluq dünyasına cığırı başlayır. O, iki ildən sonra aktyorluq studiyasına gəlir və burada yorulmaq bilmədən, usanmadan çalışmağa başlayır. O inanırdı ki, bütün bu əziyyətlərinin nəticəsi olacaq. Düz dörd ildən sonra o, rejissor Brayn de Palmanın filmində özünün ilk rolunu oynayır. "Manhettendə üç otaq"da onu epizodik rola çəkirlər. Üç ildən sonra De Niro yenidən ekranda görünür. Bu dəfə "Salamlaşma"da Con Rubin obrazında. İlk rollarından sonra gənc aktyorun oyun maneraları, istedadı, fərdi aktyorluq keyfiyyətləri yavaş-yavaş rejissorların diqqətini cəlb etməyə başlamışdı. Onun çıxışlarına diqqət edənlər bu gəncin daxilində gizlənən, parlamaq üçün fürsət gözləyən aktyorluq istedadını görməyə bilməzdilər. Bundan başqa, De Niro özü də üzərində işləyir, hətta bədən quruluşunu daha yaxşı formalaşdırmaq üçün idmanla da məşğul olurdu. Məhz elə bu səbəblərdən idi ki, qısa müddətdən sonra rejissorlar demək olar ki, ona yeni rol gözlətməyə macal vermir və De Niro 1970-ci ildə bir-birinin ardınca filmlərə çəkilməyə başlayır. "Qanlı ana"da Lloyd Barker, "Hi Mom"da Con Rubin, 1971-ci ildə "Cennifer haqda düşünmək"də Mardician, "Qələbə üçün doğulan"da Denni, "Güllələməyi bacarmayan dəstə"də Mario Trantino obrazlarını yaradır. Və bununla da hər kəsin diqqətini özünə cəlb edə bildi. Sonrakı iki ildə o cəmi iki filmdə çəkilir.1974-cü ildə Robert De Niro "Xaç atası 2" filmində çəkilir. Filmdə De Niroya həvalə olunan Vito Karleoni obrazını aktyor çox böyük ustalıqla, bacarıqla yaratmaqla, demək olar ki, şöhrətin qapılarını öz üzünə açır. Milyonlarla tamaşaçının sevimli aktyoruna çevrilir. İndi hamı ondan danışırdı. Robert sanki sənətdə özünü təsdiqləmişdi. Bu parlaq obraz kinonun "boss"larının da diqqətini çəkməyə bilməzdi. De Niro məhz bu roluna - ikinci plandakı rol nominasiyasına görə "Oskar" mükafatına layiq görülür. Artıq o, dünya kino ulduzuna çevrilmişdi. Bununla yanaşı, aktyorun şəxsi həyatı da dəyişir. Maddi imkanları düzəlmiş, maraq dairəsi artmış, qadınlarla münasibətində də "rekord" əldə etməyi "bacarmışdı". Hətta zərif cinsin nümayəndələri ilə münasibətləri haqda əfsanələr də dolaşmağa başlamışdı. Robert De Nironun ilk evliliyi müğənnilik və aktrisalıq edən Dayenn Ebbotla baş tutur. Sənətdə elə də məşhur olmayan xanım Ebbot artıq bir evlilik yaşamışdı. Bunda bir problem görməyən De Niro aktrisanın qızını da övladlığa qəbul edir. Sonra onun özünün bu nikahdan Rafael adlı bir oğlu olur. Amma bu evlilik çox da uzun sürmür, 1988-ci ildə onlar ayrılırlar. De Nironun 1976-cı ildəki yaradıcılığını məhsuldar hesab etmək mümkündür. Belə ki, bu il ərzində o üç filmdən təklif alır və hər üçündə uğurla çəkilir: "Taksiçi", "İyirminci əsr" və "Sonuncu maqnat". İstedadlı aktyorun uğurları da davam edirdi. 1980-cı ildə onu tamaşaçılara bir də sevdirən, dünyadakı məşhurluğunu daha da artıran bir filmə çəkilir. Martin Skorsezin "Vəhşi öküz" filmində Robert De Niro yenidən əvəzsiz bir ifaya imza atır. Yaratdığı obraza görə o, "Ən yaxşı aktyor" nominasiyası üzrə yenidən "Oskar" mükafatına layiq görülür. O, artıq Hollivudun "boss aktyor"larından biri idi. Yalnız onun iştirakı hər hansı bir filmin uğurunun qabaqcadan tən yarısı demək idi. Elə bu üzdən də o, təkliflərdə seçim etməliydi. Amma aktyor üçün əsas meyar rolun böyüklüyü və ya kiçikliyi deyildi, kifayət idi ki, De Niro özünü həmin rolda görə biləydi. De Niro uzunmüddətli aktyorluq karyerasında 75-dən çox filmdə çəkilib. 37 yaşında çəkildiyi və ona şöhrətin ən uzaq şirinliklərini belə daddıran "Bir dəfə Amerikada" filmindəki Devid Aaraonson (Əriştə) rolu aktyorun şedevrlərindən sayılır. Yaratdığı bu obrazla təkrarsız bir ifa sərgiləyən De Niro həqiqətən də aktyorluq sənətini, sözün ən yaxşı mənasında, silkələyir. Kino mütəxəssisləri etiraf edirlər ki, De Niro rejissorun, ssenaristin, prodüserin obraz üçün unutduqları və ya tapa bilmədikləri cizgiləri, xarakterik xüsusiyyətləri özü kəşf edir, standart ölçüləri dağıdır, rolu tamaşaçının yaddaşına həkk etməyi bacarır. Doğrudan da hər kəs onun obrazlarının hər birini öz xarakterində, fərqli-fərqli detallarla görürdü...

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Robert_de_Niro

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Elşən   13.04.2024
Xaç atası filmi 3 seriya❤️
1