Adam Sendler
Aktyor
Adam Sendler 9 sentyabr 1966-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Atası elektrik mühəndisi, anası isə müəllimə işləyirdi. Adamın beş yaşı olanda ailəsi Nyu-Hempşirə köçür. O, lap uşaqlıqdan insanları əyləndirməkdən zövq alırdı, orta məktəbdə də sinif yoldaşlarını və müəllimləri əyləndirirdi. Amma bununla belə, komik olmaq arzusu reallaşmadı. Digər məşğuliyyəti isə musiqi sahəsidir. Məktəbi bitirdikən sonra Nyu-York Universitetinə daxil olur. İlk vaxtlar televiziya şoularında iştirak etməkdən daha çox ssenari yazırdı. Aktyorluq karyerasına gedən yol isə “Şənbə axşamı canlı yayımda” şousundan başlayır. 1993-cü ildə “Yumurtabaşlar” melodramatik komediyasında kiçik rola dəvət alır. Bir il sonra isə “Başıboşlar” komediyasında baş rollardan birini canlandırır. Həmin il "They're All Gonna Laugh at You" albomu üçün müqavilə imzalayır və "Qremmi" musiqi mükafatına namizəd olur. “Zır dəli” komediyasında ikinci dərəcəli roldan sonra 1995-ci ildə Adam Sendler “Billi Medison” kimi uğurlu komediyada baş rola dəvət alır. O vaxtdan başlayaraq Adam komediya janrlı filmlərdə baş rollara dəvət alır. 1996-cı ildə tamaşaçılar tərəfindən bəyənilən “Xoşbəxt Gilmor” filmində çəkilir və bu filmin ardınca “Gülləkeçirməz" komediya-döyüş filmində iştirak edir. Ardınca “Böyük ata”, “İstər-istəməz milyonçu”, “Dəli edən məhəbbət” komediyalarında çəkilir. ”Qəzəbin idarə olunması” filminin çəkiliş məkanında Cek Nikolson kimi ciddi aktyorla tərəf-müqabili olur. Nəticədə ulduz dueti ekranda komediya-dram təqdim edir. Bu uğurların ardınca “Əlli görüş”, “Hər şey və ya heç nə”, “Çak və Larri”, “Gecə nağılları” filmlərində yaddaqalan obrazlar yaradır. Adam Sendlerin son illərdə yaddaqalan komediyalarından biri də “Ər-arvad oyunu” filmidir. 2003-cü ildə Sendler aktrisa və model Ceki Titonla ailə qurub. 2006-cı ilin yazında cütlüyün Sedi Medison adlı qız övladı dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Adam_Sendler