Hilari Suenk

Hilari Suenk

Aktrisa

BİOQRAFİYA

Hilari Enn Suonk 30 iyul 1974-cü ildə Linkoln şəhərində (Nebraska ştatı, ABŞ) anadan olub. Doqquz yaşında olanda oxuduğu məktəbdə ilk dəfə “Cəngəllik kitabı” tamaşasında səhnəyə çıxıb. Daha sonra müxtəlif məktəb və universitet tamaşalarında iştirak edib. Hilari eyni zamanda idmanda bir sıra əlamətdar nəticələr əldə edib. Xüsusilə gimnastika və üzgüçülükdə uğurlar qazanıb. Valideynləri boşandıqdan sonra anası ilə Los-Anceles şəhərinə köçüb. Mənzil kirayələməyə maddi imkan tapana qədər treylerdə qalıblar. Həmin dönəmlərdə müxtəlif televiziya şoularına və seriallarına epizodik rollara çəkilməyə başlayır. Böyük ekranlarda debütünü 1992-ci ildə “Vampirlərin qənimi – Baffi” horror komediyasında Kimberli rolu ilə gerçəkləşdirib. Daha çox “Oğlanlar ağlamaz” (Boys Don’t Cry, 1999), “P.S. Səni sevirəm” (P.S. I Love Your, 2007), “Bir milyonluq qız” (Million dollar baby, 2004), “Yerli” (Homesman, 2014) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 48 televiziya/bədii film və serial çəkilib. Son rolları – “Mən anayam” (I Am Mother, 2018) bədii filmində adsız qadın və “Trast” teleserialında (2018) Qeyl Qetti rolu sayılır. İkiqat “Oskar” və “Qızıl Qlobus” laureatıdır. Həmçinin ABŞ kinoaktyorları Gildiyasının mükafatını qazanıb. Şəxsi həyatına gəlincə, 28 sentyabr 1997-ci ildə “Hollivudun sakit günləri” filminin çəkilişlərində tanış olduğu aktyor Çad Louya ərə gedib. 2006-ci ildə onlar boşandıqlarını elan ediblər, 2007-ci ilin noyabr ayında nikaha rəsmən xitam verilib. 2007-ci ildən 2012-ci ilə kimi öz agenti Con Kampizi ilə vətəndaş nikahında olub. 2015-ci ilin may ayında maliyyə müşaviri və keçmiş tennisçi Ruben Torreslə görüşməyə başlayıb. 2016-cı ilin mart ayında onlar nişanlandıqlarını elan ediblər. Habelə həmin ilin iyun ayında Suonk nişanlısından ayrıldığı haqqında xəbəri təsdiq edib. 2018-ci ilin avqust ayında Suonkbiznesmen Filip Şnayderlə iki illik eşq macərasından sonra onunla münasibətlərini rəsmiləşdirib. Beynəlxalq insan haqları təşkilatının çağırışlarına baxmayaraq 2011-ci ildə Ramzan Kadırovun 35 illiyi münasibətilə keçirilmiş konsertə qatılaraq Qərb mətbuatında qalmaqal obyektinə çevrilib. İctimai qınaqlardan sonra konsertdə iştirak etdiyinə görə təəsüfləndiyini bildirərək, konsertdən əldə etdiyi qonorarı xeyriyyə təşkilatına ianə edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Hilary_Swank

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç