Alek Bolduin
Rejissor, aktyor
Alek Bolduin 3 aprel 1958-ci ildə Nyu-York ştatının Emitivill şəhərində (ABŞ) anadan olub. Atası Aleksandr Rey Bolduin məktəbdə müəllim və futbol məşqçisi işləyirdi. Anası Kerolin Nyukomb isə evdar qadın idi. Alek evin ikinci uşağıdır. İki bacısı və üç qardaşı var. Qardaşları Deniel, Stiven və Billi də aktyordur. Gənc yaşlarında sürücü, satıcı və ofisiant işləyib. Arzusu isə hüquqşünas və siyasətçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra Corc Vaşinqton Universitetinə daxil olur, sonra özünü aktyor kimi sınamaq üçün təhsilini yarımçıq dayandırır. Nyu-Yorkda dram və siyasət fakültəsinə daxil olur. Hələ universitetdə oxuyarkən Alek ilk rolunu “Həkimlər” serialında oynayır. Sonra Los-Ancelesə gəlir. Bir müddət müxtəlif seriallarda rol alan aktyor daha sonra “O, uşaq gözləyir", Mişel Pfayfferlə “Mafiyada ərdə ikən”, “Radio-şou”, “”İşgüzar qız”, “Böyük odlu kürələr” filmlərində çox da böyük olmayan rollar yaradır. Alek Bolduin həmçinin teatrda da müxtəlif tamaşalarda rol alır. ”Qarət” komediyasındakı roluna görə "Theatre World Award" mötəbər mükafatına layiq görülür. Növbəti altı il ərzində bir neçə teatr tamaşasında iştirak edir və 1991-ci ildə daha bir teatr mükafatına layiq görülür - "Obie Award Best Actor". Böyük kinoda uğuru 1990-cı ildə dünya prokatından 200 milyon dollar gəlir gətirən və Şon Konneri kimi məşhurlarla birlikdə çəkildiyi “Qırmızı oktyabrın ovunda” trillerindəki MKİ əməkdaşı Cek Rayan obrazı olur. Daha sonra aktyora filmin davamında çəkilmək üçün 14 milyon dollar təklif olunsa da, amma Alek Brodvey teatrında çıxışlarına görə razılaşmır. Alek daha sonra Vudi Allenin “Alisa” və Corc Ermitajın “Mayami-Blüz” filmlərində çəkilir. 1990-cı ildə məşhur qalmaqallı “Evlənmək adəti” filmində pleyboy rolunda iştirak edir. Filmdəki tərəf müqabili isə ilk baxışdan aşiq olduğu aktrisa Kim Beysincer olur. 1993-cü ildə Bill Pullman və Nikol Kidmanla birgə “Hər şeyə hazır” filmində baş qəhrəman Doktor Cekill obrazını yaradır. Çəkildiyi növbəti "Qaçış" filmində də tərəf müqabili Kim Beysincer olur. 1993-cü ildə Alek Bolduin təhsilini başa çatdırmaq üçün Nyu-York Universitetinə qayıdır. Elə həmin il 30-cu illərin məşhur komiksləri əsasında “Kölgə” filmində rol alır. 1995-ci ildə Alek Bolduin “Arzu tramvayı” teatr tamaşasının ekran versiyasında Stenli Kovalski personajını oynayır. Bu rola görə "Qızıl Qlobus" və "Emmi" mükafatlarına namizəd olub. 1996-cı ildə "Səma əsirləri" filmi işıq üzü görür. Alek filmdə baş rol oynamaqla bərabər, həm də prodüser vəzifəsini icra edirdi. Elə həmin il Vupi Qoldberq və Ceyms Vusdun iştirakı ilə “Missisipi kabusları” filmi ekrana çıxır. 90-cı illərdə bir-birinin ardınca filmlərə dəvət alır. 2004-cü ildə Bolduin “Şeytan və Deniel Uebster” filmini çəkməklə özünü rejissor kimi sınaqdan keçirir. Filmdə Entoni Hopkins Deniel Uebster, Cennifer Lav Hyuitt isə şeytan rolunu oynayıb, Bolduin özü də Cabez Stoun personajını canlandırıb. Prodüserlərlə olan narazılığa görə filmin premyerası 2007-ci ildə baş tutur. 2006-cı ildə Bolduin ”Studiya 30” serialında Cek Donagi rolunu canlandırmağa başlayır. Bir neçə il davam edən serialdakı baş rola görə üç dəfə "Qızıl Qlobus"a, "Emmi" və "Amerika Kinoaktyorlar Gildiyası"nın mükafatlarına layiq görülüb. 2008-ci ildə keçmiş həyat yoldaşı Kim Beysincerlə münasibətlərindən bəhs edən “Özünə verilən vəd” kitabı işıq üzü görür. Aktyor tennisi, boksu, futbolu və qaçmağı sevir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Alek_Bolduin