Kemeron Krou
Aktyor, rejissor, prodüser, ssenarist
Kemeron Krou 13 iyul 1957-ci ildə Kaliforniyanın Palm-Sprinqs şəhərində (ABŞ) daşınmaz əmlak üzrə agent və psixologiya üzrə professor ailəsində anadan olub. Özündən böyük iki bacısından birini körpə ikən itirib. Ailə tez-tez yerini dəyişib və nəhayət, San-Diyeqoda məskunlaşıblar. Krou xəstəliyi ilə əlaqədar olaraq iki il ibtidai məktəbə gec gedir. Yaşıdları ilə münasibətdə daim problem yaşayır. Sinif yoldaşlarının hörmətini qazanmaq üçün Kemeron məktəb qəzeti üçün həvəskar məqalələr yazmağa başlayır. O ciddi katolik ailədə tərbiyə alır və valideynləri bir çox şeylərdə ona imtina edirdilər. Məsələn, evdə roka qulaq asmaq qadağan olunmuşdu və bu 60-cı illərin gənci üçün dözülməz hal idi. Yaşıdları “Bitlz" və Elvis Presliyə qulaq asanda Kemeron evdə dərsləri ilə məşğul olur və məktəb qəzeti üçün məqalə yazardı. Məhz bunun sayəsində təcili imtahanlar verərək iki sinif irəli adlaya bilir. Bununla belə, marağı olan şeyləri əldə edə bilmədiyinə görə heç vaxt üzü gülmürdü. Çünki həmin illərdə Kemeronda musiqiyə maraq çox idi. 15 yaşında Kemeron demək olar ki, əsl musiqi şərhçisinə çevrilir və “Rolling stone” jurnalında işə düzəlir. Elə həmin dövrdə kinematoqrafiyaya marağı yaranır və ilk ssenarisini yazmağa cəhd edir. Emi Hekerlinqin 1982-ci ildə rejissorluq etdiyi “Riçmont Hayt məktəbində baş verən dəyişikliklər” filminə, Krounun yazdığı birinci ssenari olur. Gənclərin həyatından bəhs edən ekran əsəri ilin ən yaxşı filmlərindən biri olur və eyni zamanda Nikolas Keyc, Şon Penn, Entoni Edvards və Cac Reynhold kimi məşhurların karyeraya başlanğıcı üçün start olur. Rejissorluq debütü isə Con Kyusakın iştirakı ilə 1989-cu ildə “Nəsə bir söz de” romantik filmi ilə baş tutur. 1992-ci ildə Kemeron Krounun ikinci filmi hesab olunan “Tənhalar” işıq üzü görür. Kemeron üçün əsl dünya şöhrəti yeddi il sonra, “Cerri Maquayer” filmindən sonra gəlir. İlk dəfə bu filmə görə "Oskar"a namizəd olsa da, mükafatsız qalır. Tom Kruzun iştirakı ilə olan “Cerri Maquayer” filmi dörd kateqoriyada "Oskar"a namizəd idi. "Qızıl heykəlcik" isə ikinci plan aktyoru olaraq Kuba Gidinqə qismət olur. Kruz isə həmin il ən yaxşı aktyor olaraq, "Qızıl Qlobus"a layiq görülür. Kemeron Krounun "Elizabettaun" adlı filmində möhtəşəm aktyor heyəti toplanır - Orlando Blum, Kirsten Danst, Syuzan Sarandon, Bryus MakGill, Cessika Bil, Alek Bolduin, Cudi Qrir və Pol Şnayder. Filmin əsas süjet xətti baş qəhrəmanın Kemeron Krounun ən sevdiyi Elton Con, Hollies, Tom Pettinin musiqi sədaları altında ABŞ-ın cənub ştatlarını səyahət etməsidir. 2011-ci ilin noyabr ayında Amerika prokatına Mett Deymon və Skarlett Yohanssonun iştirakı ilə “Biz zoopark almışıq” filmi çıxır. Film tənqidçiləri və tamaşaçılar tərəfindən alqışla qarşılanır. Kemeron Krou heç vaxt şəxsi həyatını gizlətmir. 1986-cı ildə “Heart” rok qrupunun solistlərindən biri olan Nensi Uilsonla ailə qurub. 2000-ci ildə Kertis Uilson və Uilyam Ceyms adlı əkiz övladı dünyaya gəlib. 2008-ci ildə ayrılan cütlük 2010-cu ildə rəsmi olaraq boşanır. O vaxtdan sonra Krou tək yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: