İtan Houk
Aktyor, ssenarist, prodüser, rejissor, montajçı
İtan Qrin Houk 6 noyabr 1970-ci ildə Ostin şəhərində (Texas ştatı, ABŞ) anadan olub. Atası sığorta hesablamaları üzrə mütəxəssis olub. Dünyaya gəlməsindən 4 il sonra valideynləri boşanıb. İtanın 10 yaşı olanda anası ikinci dəfə ailə qurub və onlar Nyu-Cersi ştatına köçüblər. Houk Prinstonda aktyorluq sənəti üzrə ali təhsil alıb. Həmçinin İngiltərədə Karneqi-Melloun Universitetinin Britaniya Teatr Assossasiyasında aktyorluq kurslarına gedib. “Malaparte” teatr truppasının təsisçilərindən biridir. İlk dəfə kamera qarşısına 14 yaşında çıxıb və “Tədqiqatçılar” adlı elmi-fantastik filmə çəkilib. 1989-cu ildə “Mərhum şairlər ittifaqı” filmində oynadığı rol ona şöhrət qazandırıb. Ardınca müxtəlif janrda olan filmlərdə ikinci dərəcəli rollarda çəkilməyə başlayıb. Karyerasının ən uğurlu filmi 2001-ci ildə böyük ekranlara çıxmış və Denzel Vaşinqtonla baş rola çəkildiyi “Hazırlıq günü” kriminal dramı sayılır. 2004-cü ildə “Günəş batmazdan əvvəl” filminə yazdığı ssenariyə görə “Oskar” mükafatına namizəd olub. Ədəbiyyatda debütünü 1996-cı ildə “Ən qızmar ştat” adlı kitabını çap etdirməklə gerçəkləşdirib. Roman 90-cı illərdə iki savadlı gənc arasında yaşanan sevgi hekayəsini danışır. Sonradan həmin roman əsasında ssenari də yazaraq, filmini lentə alıb. 2003-cü ildə isə “Küllü çərşənbə” romanı işıq üzü görüb. Dördqat “Oskar mükafatı namizədidir (2002, 2005, 2014, 2015). 2015-ci ildə “Qızıl Qlobus” və BAFTA mükafatlarına namizəd olub. Aktyor işinə görə, xüsusilə “Hazırlıq günü” (2002) və “Yeniyetməlik dövrü” (2014) filmlərində oynadığı rollara görə çoxsaylı kino mükafatlarına layiq görülüb. 1998-ci ildən 2005-ci ilə kimi aktrisa Uma Turmanla evli olub. Keçmiş ər-arvadın 1998-ci il təvəllüdlü qızı və 2002-ci il təvəllüdlü oğlu var. 2008-ci ildə Rayan Şohyuzla evlənib. Cütlüyün 2008 və 2011-ci il təvəllüdlü iki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Julie_Delpy