Riçard Fillips

Riçard Fillips

Ssenarist, yazıçı, dənizçi

BİOQRAFİYA

Riçard Fillips 16 may 1955-ci ildə ABŞ-ın Massaçusets ştatında anadan olub. Vinçester şəhərində 1973-cü ildə orta məktəbi bitirib. Beynəlxalq hüquq ixtisası üzrə təhsil almağı planlaşdırıb və Massaçusets universitetinə daxil olub. Lakin sonradan fikrini dəyişərək Massaçusets Dəniz Akademiyasına qəbul olunur və 1979-cu ildə məzun olur. Təhsil aldığı müddətdə dolana bilmək üçün Bostonda taksi sürücüsü işləyib. 1978-ci ildə tibb bacısı Andrea Kocia ilə ailə qurub. Birgə nikahdan iki övladları var. 2009-cu ilin aprel ayında Somali dəniz quldurlarının ələ keçirdiyi “MV Maersk Alabama” konteyner daşıyan gəminin kapitanı olub. 2009-cu ildə baş vermiş məlum insidentə gəlincə, Somalili dəniz quldurları kapitanı olduğu gəmini ələ keçirdikdən sonra Fillipsi girov götürürlər. Onu xilasedici motorlu qayıqda Somalidəki düşərgələrinə aparmağa çalışırlar. Aprelin 9-da Bainbric gəmisi ilə xilasedici qayıqda olan dəniz quldurları arasında qarşıdurma yaşanır. Üç gündən sonra, aprelin 12-i bazar günü, ABŞ hərbi dəniz qüvvələrinin DEVGRU adlı xüsusi təyinatlı dəstəsinin sərrast atıcıları (snayperləri) sinxron atəş açaraq, eyni vaxtda 3 yaraqlını zərərsizləşdirirlər, nəticədə kapitan Fillips xilas olur. Danışıqlar üçün Bainbric gəmisinin göyərtəsinə qalxmış dördüncü yaraqlı isə təslim olduğu üçün sağ qalır. İnsidentdən bir müddət sonra Fillips hadisələrin real iştirakçısı kimi gördüklərini, yaşadıqlarını və bütün təəsüratlarını qələmə alaraq bioqrafik kitab yazır. Kitab qısa müddətə Nyu-York bestsellerlərindən birinə çevrilir. “Colombia Pictures” kinoşirkəti 2010-cu ildə filmin ekranizasiyası üçün hüquq əldə edir. 2013-cü ildə kitabın motivləri əsasında “Kapitan Fillips” adlı film böyük ekrana çıxır. Filmdə onun obrazını məşhur aktyor Tom Henks canlandırır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%BF%D1%81,_%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4_(%D0%BC%D0%BE%D1%80%D1%8F%D0%BA)

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç