İsmayıl Merçant
Prodüser
İsmayıl Merçan 25 dekabr 1936-cı ildə Bombey (Mumbay) şəhərində (Hindistan) parça tacirinin ailəsində anadan olub. İkidilli mühitdə böyüyüb, həm qucarat, həm də urdu dilində danışıb. Məktəbdə oxuduğu illərdə isə ingilis və ərəb dillərini də öyrənib. 9 yaşı olanda 10 minlik izdihamın toplandığı mitinqdə Hindistanın parçalanması ilə bağlı emosianal nitqlə çıxış edib. 11 yaşı olanda Hindistan Böyük Britaniyadan müstəqillik əldə edib və iki yerə, Hindistan ittifaqı və Pakistan dominionuna ayrılıb. İsmayılın atası Müsəlman liqasının Bombey bölməsinin prezidenti olub, lakin Pakistana köçməkdən imtina edib. Kino karyerası ilə onun arasında yaranan ilk bağ, 1949-cu ilə təsadüf edir. Ailəsinin əlaqələri hesabına 13 yaşında hindistanlı kinoaktrisa Nimmi ilə tanış olur. Aktrisa onun kinoya gəlişində ilham pərisi olub. Məktəbi bitirdikdən sonra Bombeyin Müqəddəs Ksavye kollecinə daxil olur, ardınca isə Bombey universitetində bakalavr dərəcəsi alır. 22 yaşında ABŞ-a köçür. Orada Nyu-York universitetində menecment üzrə bakalavr dərəcəsi əldə edir. Amerikada yaşadığı illərdə BMT-də kuryer işləyir. Yaratdığı əlaqələr hesabına hindistanlı deleqatları öz kinolayihələrini maliyyələşdirməyə inandırmağa çalışıb. Mədəniyyət və incəsənət aləminə baş vurduqdan sonra Merçant özü üçün Benqal kinorejissoru Satyacita Reyin, həmçinin avropalı sənətkarların, o cümlədən İnqmar Berqman, Vittorio de Sika və Federiko Fellinin yaradıcılığını kəşf edir. Uzun müddət rejissor Ceyms Eyvori ilə əməkdaşlıq edib, bu tandem onlarla reytinqli televiziya və bədii film ortaya çıxarıb. 1960-cı ildə prodüser olaraq “Qadının yaradılışı” adlı qısametrajlı filminin çəkilişində iştirak edir. Həmin film Kann film festivalında nümayiş olunub və “Oskar” mükafatına namizəd olub. 2002-ci ildə Merçant Hindistanın üçüncü dərəcəli “Padma Bxuşan” mükafatı ilə təltif olunub. Eyni zamanda Nyu-York Beynəlxalq Mərkəzinin mükafatının laureatıdır. Daha çox “Mənzərəyə açılan pəncərə” (1985), “Günün qalan hissəsi” (1993), “Hovards-End malikanəsi” (1992), “Zabit qızı ağlamaz” (1998) filmlərinin prodüseri kimi tanınır. Karyerası ərzində ümumilikdə 45 televiziya və bədii filmə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: