Aditya Çopra
Prodüser, ssenarist, rejissor
Aditya Çopra 21 may 1971-ci ildə Bombeydə (Hindistan) dünyaya gəlib. Məşhur kino xadimi Yaş Çopra və Pamela Çopranın ailəsində anadan olub. Uşaqlıq dövründə Aditya həddindən artıq utancaq idi. O zaman onun əsas marağı filmlərə baxmaq və bəzən də hekayələr yazmaq olub. Bombeydə Şotland məktəbini bitirib. Aditya Çopra kino yaradıcılığına 18 yaşından başlayaraq daha çox atasının filmlərində rejissor assistenti kimi çalışıb. 24 yaşından isə artıq müstəqil olaraq rejissor və ssenarist kimi fəaliyyət göstərməyə başlayır. Şəxsi həyatına gəldikdə isə, 2001-ci ildə məktəb yoldaşı Payal Xanla ailə həyatı qurub. Onlar vaxtilə Bombey Şotland Məktəbində bir yerdə oxuyublar. Ancaq Payal Xan daha sonra təhsilini Londonda davam etdirib. Payal sonradan "Yash Raj Studios"da dizayner kimi, eyni zamanda bəzi filmlərdə prodüser kimi fəaliyyət göstərib. Cütlük 2009-cu ildə rəsmən boşanır. 2014-cü ildə aktrisa Rani Mukherji ilə evlənir. 2015-ci ildə onların Adira Çopra adlı qızları doğulur. Aditya Çopranın 2008-ci ildə çəkdiyi "Bu cütlüyü Tanrı yaradıb" filmi nəinki Hindistanda, eləcə də dünyanın bir çox ölkələrində şöhrət qazanıb. Baş rolda Bollivud şahzadəsi Şahruh Xanın çəkilməsi isə bu ekran əsərinə ikiqat uğur gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Aditya_%C3%87opra