Uma Turman
Aktrisa
Uma Karuna Turman 19 aprel 1970-ci ildə Bostonda (ABŞ) dünyaya göz açıb. Anası Nena von Şlebrüqqe isveç əsilli model, atası Robert Turman isə professordur. Valideynləri 1967-ci ildə ailə qurub. Robert Turman Kolumbiya Universitetində buddizm üzrə dərs verirdi və uşaqlarını da buddist təlim-tərbiyəsi ilə böyütmüşdü. Hətta öz uşaqlarının adlarını da hind adları qoyub. Umanın adı "müqəddəs, bağışlayan" mənasını verir. Uma Turmanın Qanden, Deçen və Mipam adlı üç qardaşı və Taya adlı bir ögey bacısı var. Taya atasının əvvəlki nikahından olan uşaq idi. Turman və qardaşları uşaqlıq dövrünün bir hissəsini Hindistanda keçirib. Atasının işlərinə görə tez-tez başqa yerlərə köçmək məcburiyyətində qalan ailə Uma Turmanı Massaçusets və Nyu-York şəhərlərində böyüdüb. Uma uşaqlıq illərində dostları tərəfindən tez-tez lağ obyektinə çevrilirdi. Dostları onun qəribə adını, üz quruluşu və böyük ayaqlarını lağa qoyurdular. 10 yaşında olarkən anası onun burnundan estetik əməliyyat olmasını istəyir. Bu hadisə aktrisanı uzun illər narahat edir, özgüvənini sarsıdır. Turman ilk aktrisalıq sınağını "Northfield Mount Hermon" litseyində edib. Dərs qiymətləri o qədər də yaxşı deyildi, amma səhnədə möhtəşəm oyunlar göstərirdi. "Puta" adlı bir tamaşada oynadığı rolu sayəsində istedadı bir neçə insan tərəfindən kəşf edilir və o, aktrisa olmağa qərar verir. 15 yaşında oxuduğu litseyi yarımçıq qoyaraq aktrisalıq arzusu ilə Nyu-Yorka köçür. Özünü dolandırmaq üçün ilk illər restoranda qabyuyan kimi işləyirdi. Turman 16 yaşında model kimi fəaliyyət göstərir, "Elite" model agentliyi ilə müqavilə imzalayır və qısa müddətdə ətrafındakıların diqqətini çəkərək, "Glamour Magazine", "Vogue", "Rolling Stone" kimi jurnalların üz qabığında yer alır. Aktrisa kimi ilk film təcrübəsini 1988-ci ildə həyata keçirir. Həmin il düz dörd filmdə rol alır. Bu filmlər "Coni, yaxşı ol" ("Johnny Be Good"), "Gecə atanı öp" ("Kiss Daddy Goodnight"), "Baron Münxauzenin macəraları" ("Baron Munchausen") və "Təhlükəli münasibətlər" ("Dangerous Liaisons") idi. İlk üç film o qədər də uğur qazanmır. Ancaq "Təhlükəli münasibətlər" Qlen Klouz və Mişel Pfayfferi "Oskar”a namizəd etdi, həmçinin, kino prodüserlərin Turmana daha çox maraq göstərməsinə səbəb oldu. Film seansa girəndən sonra Turman medyada diqqət mərkəzində olmağa başladı, hətta həmkarı Con Malkoviç bir müsahibəsində onun çox istedadlı və ağıllı olduğunu deyir. 1990-cı ildə aktrisa hələ 19 yaşında ikən Fred Uardla "Henri və Cun" adlı filmdə rol alır. Film seks səhnələri ilə bol olduğu üçün geniş kütləyə təqdim edilə bilmir, amma aktrisaya qarşı olan diqqəti bir az da artırır. Elə həmin il Turman Con Bormanın rejissorluğunu etdiyi "Ürək haradadır" ("Where The Heart Is") adlı komediyada çəkilir. İki il sonra isə triller janrındakı "Son analiz" ("Final Analysis") filmində Riçard Gir və Kim Beysincerlə birlikdə kamera qarşısında çıxış edərək Diana Baylor adlı bir psixoterapiya xəstəsini canlandırır. Umanın baş rolunda oynadığı ilk film 1993-cü il istehsalı "Hətta qız kovboylar da bəzən qəmgin olur" ("Even Cowgirls Get the Blues") adlı film olur. Film Qas Van Santın rejissorluğu ilə çəkilmişdi, amma əldə etdiyi gəlir baxımından o qədər də uğur gətirmir. Həmçinin bu filmdəki roluna görə aktrisa bir çox tənqidçilər tərəfindən mənfi rəy alır. Bu arada Robert De Niroyla birgə çəkildiyi "Dəli it və Qlori" filmi də o qədər uğurlu olmur. Son uğursuzluqdan sonra Turman Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filminin sınaq çəkilişlərində iştirak edir. Tarantino "Dəli it və Qlori" filmindəki rolunu gördükdən sonra Turmanı seçməyi heç düşünməmişdi, ancaq seçmələrdən sonra axşam yeməyində oldular və Tarantino filmdəki Mia obrazı üçün Turmandan daha yaxşı bir seçim olmayacağını anlayır. "Kriminal qiraət" bütün dövrlərin ən uğurlu filmlərindən biri oldu, kult film kimi özünü təsdiqlədi. Eyni il Turman "Ən yaxşı ikinci dərəcəli aktrisa" nominasiyası üzrə "Oskar"a, həmçinin "Qızıl Qlobus"a da namizəd oldu. Bu filmdən sonra Turman Tarantinonun ən sevimli aktrisalarından biri olur. Aktrisa sonrakı illər "Pişiklər haqqında həqiqət", "Betmen və Robin", "Qattaka", "Qisasçı" ("The Avengers") və "Səfillər" (“Les Miserables”) filmlərində rol alır. 1997-1998-ci illər Turmanın karyerasındakı ən uğursuz dövrlər idi, çünki çəkildiyi filmlər o qədər də uğur qazanmamışdı, aktrisa tez-tez mənfi rəylər alır, hətta "Ən pis aktrisa" nominasiyasında mükafatlara da layiq görülürdü. Aktrisanın 1998-ci ildəki uğursuz fəaliyyətindən sonra çəkilişlərinə bir müddət ara verdi. Daha sonra az büdcəli filmlərdə və "Şirin və sirr", "Teyp", "İsterik korluq" (“Hysterival Blindness”) kimi televiziya filmlərində rol alır. Aktrisa "İsterik korluq" filminin prodüserliyini də etmişdi və bu filmdəki roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülür. Həmçinin bu arada model peşəsinə qayıdır. Sonra bir müddət Fransa kosmetika şirkəti “Lancome”də mətbuat katibi kimi işləyir. 5 il davam edən uzun bir müddətdən sonra aktrisa önəmli rollarla karyerasını davam etdirmək istəyir. 2003-cü ildə "Ödəmə çeki" (“Paycheck”) filmində rol alır. Bu filmdən bir az sonra karyerasının ən önəmli filmlərindən biri olan, Tarantinonun rejissorluğunu etdiyi "Billi öldürməli" (“Kill Bill”) filmlər seriyası gəlir. Tarantino bu filmin ssenarisini Turmandan ilham alaraq yazdığını demişdi. "Billi öldürməli" filminin çəkilişləri Turmanın hamiləliyi səbəbilə bir neçə ay gecikir. Həmçinin Turman bu film üçün karate və yapon dili dərsləri alır. Filmə görə çəkisini də azaltmaq məcburiyyətində qalır. Filmdəki gəlin rolu aktrisaya "Qızıl Qlobus" namizədliyi, "MTV: Ən yaxşı aktrisa" və "Ən yaxşı döyüş səhnəsi" mükafatlarını qazandırır. Artıq 2005-ci ildə Turman Hollivudun ən çox qazanan aktrisalarından biri olmuşdu. Hər filmə görə 12,5 milyon dollar qazanırdı. 2005-ci ildə rol aldığı filmlər isə "Lovğalan" (“Be Cool”), "Baş nazir" (“Prime”) və "Prodüserlər" idi. Növbəti il "Mənim möhtəşəm keçmiş sevgilim" (“My Super Ex-Girlfriend”) filmində rol alır. 2007-ci ildə "Onun gözlərində əvvəlki həyat" (“The Life Before Her Eyes”) filmində Diana obrazını canlandırır. 2008-ci ildə aktrisa "Təsadüfi ər" (“The Accidental Husband”) filmində çəkilir. Romantik komediya olan film özünü evlilikdə axtaran bir qadının həyatından bəhs edir. Həmin il bir neçə televiziya filmində iştirak edən aktrisa növbəti il "Analıq" (“Motherhood”) filmində çəkilir. 2010-cu ildə isə iki filmə: "Persi Cekson və Olimpiyalılar” və (“Percy Jackson & the Olympians: The Lightning Thief”) və "Ayin" (“Ceremony”) filmində çəkilir.
Turman 1980-ci illərin sonunda rejissor Fil Hoanoyla bir müddət münasibətdə olur. Bu aralıqda bir studiya görüşündə ingilis aktyor Geri Oldmanla tanış olan Turman Fildən ayrılır. Turman və Oldman 1990-cı ildə evlənir, ancaq evlilikləri iki il davam edir. 1 may 1998-ci ildə "Qattaka" filminin studiyasında tanış olduğu aktyor İtan Hauke ilə evlənir. Cütlüyün həmin il Maya Ray adında bir qızları və 2002-ci ildə Levon Roan adında bir oğulları olur. Hauke və Turman 2004-cü ildə boşanırlar. Hauke Turmanın onu Tarantinoyla aldatdığını düşünür və kanadalı model Yen Perzouyla yeni münasibətə başlayır. Turman evliliklərinin sonlarına doğru ona qarşı xəyanətin olduğunu demiş, amma kiminlə olduğu barədə məlumat verməmişdi. 2004-cü ildə otel sahibi Andre Balazsla birlikdə yaşamağa başlayır, amma 2006-cı ildə münasibətlərinə son qoyurlar. 1997-ci ildə "Empire" jurnalı “Bütün zamanların ən yaxşı 100 ulduzu” arasında Turmanı 99-cu sırada yerləşdirir. Yenə eyni jurnal tərəfindən hazırlanan bir siyahıda “Kino tarixinin ən seksual 100 ulduzu” arasında 20-ci olur. Turman siyasi və sosial fəaliyyət cəhətdən çox aktivdir. Aksiyalarda tez-tez iştirak edir. Daha çox qadın hüquqlarının qorunması ilə bağlı aksiyalarda fəal iştirak edir. Hal-hazırda aktrisa Nyu-Yorkda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Uma_Turman