Rebel Uilson

Rebel Uilson

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Rebel Uilson 2 mart 1980-ci ildə Sidneydə (Avstraliya) anadan olub. Anası peşəkar kinoloqdur. Özü gənc yaşlarından teatr dərnəklərinə gedir. Bundan sonra Rebel Avstraliyanın komediya şoularında görünməyə başlayır. 16 yaşı olanda ilk dəfə “Sifarişlə çatdırılan pitsa” filmində epizodik rolda çəkilir. Rebel orta məktəbi bitirdikdən sonra Amerikanın təhsil ocaqlarından birinin təqaüdünü qazanır. Məhz 17 yaşı tamam olanda Rebel təhsilini davam etdirmək üçün Nyu-Yorka köçür. Amerikada keçirdiyi dördillik həyat tərzindən sonra Rebel Uilson Nikolas Keyc və Yeva Mendesin baş rolda iştirakı ilə rejissor Mark Stiven Consonun “Kabus yarışçı” filmində epizodik rola dəvət alır. Uilson, tədricən, Amerika televiziyasında görünməyə başlayır. Rebel, əsasən, gonbul komik qız obrazı ilə tamaşaçıları güldürməyi bacarırdı. Rebelin kino dünyasında gözəçarpan rolu 2011-ci ildə rejissor Pol Fiqin “Veqasda qızlar şənliyi" komediyasında Brinn rolu olur. İki rəfiqənin sıx münasibətindən bəhs edən komediyanın iki kateqoriyada "Qızıl Qlobus" mükafatına namizədliyi irəli sürülür. Süjet xəttinə görə, Brinn filmin baş qəhrəmanının paxıl qonşusu olaraq onun məşhurlaşmasına mane olur. 2011-ci ildə Uilson düzgün qidalanma qaydaları ilə məşğul olan şirkətin siması seçilir. Bundan sonra aktrisa “Toy davası” (2012), “Çıxılmaz vəziyyət” (2012), “Hamilə olduqda nəyi gözləmək lazımdır” (2012) kimi Hollivud komediyalarında ikinci dərəcəli rollara çəkilir. Rebel Uilson üçün ən uğurlu film Lesli Hedlandın “Subaylar” komediyasındakı rolu olur. Aktrisanın filmdəki tərəf-müqabilləri Kirsten Danst, Ayla Fişer və Lizzi Kaplan kimi ulduzlar olub. Rebel bu filmdə artıq çəkisi olmasına baxmayaraq, sinif yoldaşlarından əvvəl ailə həyatı qurmaq qərarına gələn qızı canlandırır. Rebel üçün daha böyük uğur Ceyson Murun “İdeal səs” musiqili komediyasından sonra gəlir. Bu filmdə Anna Kendrik və Skayler Estinlə birgə çəkilir. Filmdə komandalar arasında gedən musiqi yarışmasından söhbət açılır. Rebel "Gonbul Emi" ləqəbli vokal ifaçısını canlandırır. Film prokatda uğur qazanır, eyni zamanda MTV kanalının iki mükafatına layiq görülür. Aktrisanın özü şəxsən telekanal tərəfindən “İlin sıçrayışı” və “Ən yaxşı musiqili məqam” mükafatlarına layiq görülür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rebel_Wilson

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç