Kris Kolambus 10 sentyabr 1958-ci ildə Pensilvaniya ştatının Spenqler şəhərində (ABŞ) anadan olub. Uşaq vaxtlarından qorxu filmləri, komikslər və bədheybətlər haqqında olan filmlərə maraq göstərib. Ona görə də gələcəkdə komikslər yaradacağını xəyal edirdi. Ali məktəbdə oxuyarkən videoçəkilişlərə marağı olduğunu hiss edir və özünü kinorejissor sahəsində püxtələşdirməyə qərar verir. Beləliklə, bu sahədə biliyini artırmaq üçün Nyu-Yorka yollanır və incəsənət məktəbinə yazılır. Buradakı təhsilindən sonra qısametrajlı filmlər çəkməyə və ssenarilər yazmağa başlayır. Tezliklə, Kolambus Stiven Spilberqin marağına səbəb olan “Qremlinlər” filminə ssenari yazır. 1984-cü ildə Spilberqin icraçı prodüser kimi iştirak etdiyi eyniadlı filmə çəkilir. Kolambusun rejissorluq debütü isə 1987-ci ildə azbüdcəli “Dayənin macəraları” komediyası olur. 1989-cu ildə “Balaca Nimo: Yuxular ölkəsində macəra” cizgi filminə ssenari yazır. 1990-cı ildə Kolambus Makoley Kalkinin iştirakı ilə Milad bayramı ərəfəsində baş verən “Evdə tək” ailə komediyasını ekranlaşdırır. Film dünya prokatından 500 milyon dollardan çox gəlir gətirir. 1992-ci ildə isə kino dünyasında ən uğurlu filmlər reytinqində üçüncü yerə sahib olur. 1992-ci ildə filmin davamı olaraq “Evdə tək 2: Nyu-Yorkda itirilmiş” komediyası çəkilir. Kolambusun rejissorluq karyerasına “Missis Dautfayr”, “İki yüz yaşlı insan” məşhur filmləri də daxildir. Eyni zamanda, Harri Potterin macəralarından bəhs edən “Harri Potter və fəlsəfə daşı” (2001), “Harri Potter və sirli otaq” (2002) filmlərinə də quruluş verib. 2013-cü ildə Ned Vizziniylə birgə “Sirlər evi” romanını yazıb. Kris Kolambus həyat yoldaşı və dörd övladı ilə birlikdə San-Fransiskoda yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chris_Columbus_(filmmaker)