Mark İvanir
Aktyor
Mark İvanir – israilli/amerikalı teatr, kino və televiziya aktyorudur. Əslən yəhudidir. “Gümüş ayı” mükafatı laureatıdır. Mark İvanir 1968-ci ildə Ukraynanın Çernovtsı şəhərində yəhudi ailəsində anadan olub. 1972-ci ildə Markın ailəsi İsrailə mühacirət edib. Məktəbi bitirdikdən sonra İsrail ordusunda həqiqi hərbi xidmət keçib, bir neçə məxfi əməliyyatda iştirak edib. Xüsusi əməliyyatlarda topladığı təcrübədən hərbçi, casus və ya agent rolları oynayan zaman kino peşəsində yararlanıb. 1980-ci illərin sonlarında İvanir ordudan təxris olub, sirk məktəbinin klounada bölməsində aktyorluq sənətini öyrənməyə başlayıb. 1988-1990-cı illərdə Amerika İsrail Mədəniyyət Fondunun təqaüdçüsü olub. Avropa küçələrində çıxışlar etməyə başlayıb, daha sonra Brüsselin “Cirque Pauwels” sirkində jonqlyor olaraq səhnəyə çıxıb. Sirkdə bir neçə il keçirdikdən sonra aktyorluq sənəti üzrə təhsilini Tel-Əvivin “Nissan Nativ” Ali İncəsənət Məktəbində davam etdirib. 1991-ci ildə “Qeşer” teatrının təsisçilərindən biri olub. İlk dəfə ekranlarda 1988-ci ildə kanada-israil istehsalı olan “Dəmir qartal 2” filmində görüntülənib. Daha sonra İsrail serial və filmlərinə çəkilməyə başlayıb, vətənində kifayət qədər populyarlıq toplayıb. Ardınca ABŞ teleməkanının reytinqli serialları sayılan “Qanun və Qayda”, “Bomba oğlan Uoker”, “Nyu-York polisi” kimi kriminal-detektiv dramlarda epizodik rollara çəkilib. Hollivudda debütünü Stiven Spilberqin “Oskar” mükafatlı “Şindlerin siyahısı” filmində (1993) gerçəkləşdirib. Yəhudi soyqırımından bəhs edən bioqrafik dramda Oskar Şindlerin köməkçisi Marsel Qoldberq rolunu oynayıb. 2001-ci ildə həyat yoldaşı və iki övladı ilə Los-Ancelesə köçüb, hazırda da ABŞ-da yaşayır. 2004-cü ildə Stiven Spilberqin daha bir filminə, bu dəfə Terminal bioqrafik komediyasına taksi sürücüsü roluna çəkilib. Aktyor daha çox “Dəlisov ailə”, “Mister və Missis Smit”, “Keçmişin kabusları”, “Danılmaz 2”, “Danılmaz 3” filmlərində oynadığı rollarla tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%80,_%D0%9C%D0%B0%D1%80%D0%BA