Keysi Afflek
Aktyor
Kaleb Keysi Makquayr Afflek-Boldt 12 avqust 1975-ci ildə ABŞ-ın Massaçusets ştatının Falmout şəhərində anadan olub. Anası Kris Boldt müəllimə olub, atası müxtəlif vəzifələrdə (sosial işçi, əczaçı, mexanik və s.) çalışıb. Hətta bir müddət Boston Teatrının tamaşalarında da səhnəyə çıxıb. Keysi qardaşı Bendən üç yaş kiçikdir. Affleklər irland və şotland əsillidirlər. Keysi Afflek Corc Vaşinqton adına Universitetə daxil olsa da, sonradan təhsilini Nyu-York şəhərindəki Kolumbiya Universitetində davam etdirib. Orada fizika, astronomiya və qərb fəlsəfəsi üzrə ali təhsil alıb. Ancaq orada da təhsilini yarımçıq buraxıb və teleseriallarda çəkilməyə başlayıb. 90-cı illərdə aktrisa Sammer Fenikslə (aktyor Xoakin Feniksin bacısı) tanış olub. Onlar 2004-cü ildə nişanlanıblar, 2006-cı ildə isə Corciya ştatında münasibətlərini rəsmiləşdirərək toy ediblər. Birgə nikahdan 2004 və 2008-ci il təvəllüdlü iki oğlu var. Münasibətlərində yaranan ziddiyyətlərdən sonra 2016-cı ildə ayrıldıqlarını elan ediblər. 2016-cı ildə Afflek aktrisa Floriana Lima ilə görüşməyə başlayıb. “Oskar” mükafatı, “Qızıl Qlobus” və BAFTA mükafatı laureatıdır. Bu mükafatlar 2017-ci ildə ekranlara çıxan “Dənizkənarı Mançester” dramında oynadığı rola görə aktyora təqdim olunub. Aktyor Ben Afflekin kiçik qardaşıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: