Karel Roden
Aktyor, prodüser
Karel Roden 18 may 1962-ci ildə Çeske-Budeyevitse (keç.Çexoslovakiya) şəhərində anadan olub. Kiçik qardaşı Marian Rodenlə birgə Roden aktyor sülaləsinin davamçısıdır. Ata və babası tanınmış çexiyalı aktyorlar olub. 2001-ci ildən etibarən Hollivud filmlərinə çəkilir. “Ən yaxşı aktyor” nominasiyasında prestijli “Çex şiri” kinomükafatının (2008) laureatıdır. Rodenin iştirakı ilə çəkilmiş ilk Hollivud filmi rejissor Con Hertsfeldin lentə aldığı, 2001-ci ildə ekranlara çıxan “15 dəqiqəlik şöhrət” filmi sayılır. Həmin filmdə mənfi obrazı – qatı cinayətkar Emi Slovakı canlandırıb. Filmdəki tərəf-müqabilləri rusiyalı aktyorlar Vladimir Maşkov və Olek Taktarov olub. Baş rola – yaxşı xəfiyyə qəhrəmanını oynayan Robert De Niro çəkilib. Karelə dünya şöhrəti gətirən rol “Bleyd 2” fantastik trillerində oynadığı rol olub. Gilyermo del Toronun adıçəkilən filmi 2002-ci ildə ekranlara çıxıb. Ardınca “Kabuslar” adlı Britaniya istehsalı olan filmdə və Pol Hanterin “Güllə keçirməyən keşiş” macərə-döyüş filmində oynayıb. 2004-cü ildə şərqi-avropalı aktyor populyarlıq səviyyəsini yenidən möhkəmləndirib. İl ərzində iki yüksəkbüdcəli Hollivud blokbasterinə çəkilib. Gilyermo Del Toronun “Hellboy” trillerində Qriqoriy Rasputin rolunu oynayıb, daha sonra isə Pol Qrinqassın “Bornun üstünlüyü” döyüş filmində Yuriy Qretkov rolunda çıxış edib. Həmin dövrdən bəri aktyora Hollivud rejissorlarından gələn təkliflərin ardı-arası kəsilmir. Hollivudda onu artıq “Şərqi Avropalı cinayətkar” kimi stereotipləşdiriblər və başlıca olaraq mənfi obrazları ona həvalə edirlər. Xarici görünüş baxımından tanınmış rusiyalı biznesmen Roman Abramoviçə bənzədiyindən Karel Roden tez-tez rus oliqarxların roluna dəvət olunur. Bu ampluada ən tanınmış rolları: Yuriy Qretkov (“Bornun Üstünlüyü” – 2004), Mixayil Korski (“Larqo Vinç: Başlanğıc – 2008), Yuriy Omoviç (“Roknrolçu” -2008).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B4%D0%B5%D0%BD,_%D0%9A%D0%B0%D1%80%D0%B5%D0%BB