Skott Qlenn
Aktyor
Teodor Skott Qlenn - amerikalı aktyordur. Daha çox “Şəhər kovboyu” (1980) filmində Ues Haytover, “Canlara dəyən oğlanlar” (1983) filmində Alan Şepard, ““Qırmızı Oktyabr”ın təqibi” (1990) kəskin döyüş filmində Bart Mankuzo, “Quzuların susqunluğu” (1991) trillerində Cek Krouford rolu ilə tanınır. Teodor Skott Qlenn 26 yanvar 1941-ci ildə Pitsburqda anadan olub. Atası sahibkar Teodor Qlenn, anası evdar xanım Elizabet olub. İrland və hindu əsillidir. Uşaqlığında Qlenn zəif olub və tez-tez xəstələnib yatağa düşüb. İntensiv məşqlərin sayəsində o sağlamlığını normal vəziyyətə gətirməyə və axsaqlığını aradan qaldırmağa nail olub. Pitsburq orta məktəbini bitirdikdən sonra Qlenn Vilhem və Mariya kollecinə daxil olub. Ardınca dəniz piyadaları korpusunun sıralarına qoşulub, 3 il hərbi xidmət çəkib. Beş aya yaxın Kenosha Evening News proqramında müxbir işləyib. Həmçinin bir müddət özünü ssenarist kimi sınasa da, yaxşı dialoqlar yaza bilmədiyini görüb, bu işin daşını atıb. Maraqlıdır ki, aktyorluğa gəlişi elə onun yaxşı dialoq yazmaq üçün dram dərslərinə yazılması ilə əlaqəli olub. Onun Brodveydə debütü 1965-ci ilə təsadüf edir; “Mümkünsüz illər” adlı komediya tamaşasında çıxış edib. Bir müddətdən sonra Los-Ancelesə köçüb və orada 8 ilə yaxın televiziya və bədii filmlərdə epizodik rollar oynayıb. Qlenn Frensis Kopollanın “Apokalipsis indi” adlı kult müharibə dramında kiçik rol alıb. Qlenn eyni zamanda Conatan Demm və Robert Altman kimi nüfuzlu rejissorlarla işləyib. 1978-ci ildə Qlenn Hollivudda işləməkdən imtina edərək, ailəsi ilə Aydaho ştatının Keçum şəhərinə köçüb, orada iki il barmen, ovçu və meşəbəyi işləyib. Ara-sıra Sietlda qoyulan tamaşalarda iştirak edib. 1980-ci ildə Qlenn böyük ekranlara qayıdıb; rejissor Ceyms Bricesin “Şəhər kovbboyu” filmində keçmiş məhbus rolunu oynayıb. Daha sonra “The Keep” adlı qotik qorxu filminə və “Vəhşi qazlar 2” döyüş filminə, “Çağırış” filminə, “Şüşə” (1984), “Sayqon” (1988) telefilmlərinə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D0%B5%D0%BD%D0%BD,_%D0%A1%D0%BA%D0%BE%D1%82%D1%82