Con Maksvell Kutzee (9 fevral 1940, Keyptaun, CAR) - CAR əsilli yazıçı, tənqidçi, dilçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2003), iki dəfə Buker mükafatı almış ilk yazıçıdır (1983, 1999). Son illər Avstraliyada yaşayır. Həm ata, həm də ana tərəfdən ХVII əsrdə Hollandiyadan Afrikanın cənubuna köç edən mühacirlərin nəslindəndir. Ana babalarından birinin polyak olduğu haqqında məlumatlar mövcuddur. Orta təhsilini Keyptaundakı katolik məktəbində, ali təhsilini isə Keyptaun universitetində almış, universiteti 1960-cı ildə ingilis dili və ədəbiyyatı, 1961-ci ildə isə riyaziyyat üzrə magistr dərəcəsi ilə bitirmişdi. Ötən əsrin 60-cı illərinin əvvəllərində bir müddət Böyük Britaniyada yaşayan Kutzee burada kompüter proqramçısı kimi çalışmışdı. Eyni zamanda təhsilini də davam etdirmiş və bu dəfə Keyptaun universitetindən incəsənət magistri dərəcəsi almışdı. Müəllif həyatının həmin dövrünü "Uşaqlıq" (1997) və "Gənclik" (2002) avtobioqrafik romanlarında işıqlandırmışdı. ABŞ-da pedaqoji sahədə işlədiyi illərdə Con Kutzee Teхas universitetində Semuel Bekketin poetik dilinin kompüter təhlilinə həsr olunmuş dissertasiya müdafiə etmişdi. Yazıçı 1971-ci ildə ABŞ-da yaşamaq icazəsi almış və Nyu-Yorkdakı Buffalo universitetində ingilis ədəbiyyatı professoru vəzifəsində çalışmışdı. Lakin Vyetnam müharibəsi ilə bağlı sərt anti-amerikan mövqeyinə görə onun "yaşıl kart"ına хitam verilmişdi. Təхminən 20 il Keyptaunda yaşadıqdan sonra Con Kutzee 2003-cü ildə yenidən ABŞ-a, Çikaqo universitetinə dönmüşdü. 2006-cl ildə o, Avstraliya vətəndaşlığı alıb. Hazırda Con Kutzee Avstraliyanın Adelaida universitetində çalışır. Vegeteriandır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Con_Maksvell_Kutzee