Vladimir İvaşov
Aktyor
Vladimir Sergeyeviç İvaşov – sovet və rusiyalı kinoaktyordur. 1980-ci ildə RSFSR xalq artisti adını alıb. 1962-ci ilfə BAFTA mükafatı laureatı olub. 28 avqust 1939-cu ildə Moskvada (Rusiya) anadan olub. 1963-cü ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Hələ tələbə ikən Qriqori Çuxrayın “Əsgər haqqında ballada” adlı müharibə dramında gənc əsgər roluna çəkilib. Həmin rol ona beynəlxalq şöhrət qazandırıb. “Əsgər haqqında ballada”dan sonra aktyor “Taman” filmində Peçorin rolunu canlandırıb. Çəkilişlər zamanı uzun müddət soyuq suda olduğundan bərk xəstələnib və nəticədə onun personajını Vyaçeslav Tixonov səsləndirməli olub. ÜDKİ tələbəsi olduğu müddətdə “Borskun qara buludları” (1961), “Yeddi dayə” (1962) və digər filmlərə çəkilib. “Ələkeçməzlərin yeni macəraları” filmində İvaşov polkovnikin adyutantı Kudasov rolunu oynayıb. Aktyorun ifasında “Russkoye pole” mahnısı sonradan onun “vizit kartı”na çevrilib. 1990-cı illərdə Kinoaktyor Teatrında özünə rol tapa bilmədiyindən, uzun müddət işsiz qalıb. Bir çox artistlər kimi ailəsini dolandırmaq üçün tikintidə fəhlə, hambal işləməli olub. Onun ifasında sonuncu əlamətdar film Aleksandr Muratovun “Əlyazma” filmi olub. Adı çəkilən lent 1992-ci ildə ekranlara çıxıb. Elə həmin illər “Zülmət knyazının göz yaşları”, “Jdanovskda qətl”, “Feliks istintaq bürosu” kimi filmlərdə kiçik rollar oynayıb. 23 mart 1995-ci ildə Moskvada 56 yaşında kəskin mədə xorasından vəfat edib. Əməliyyat zamanı cərrah içkili olduğu üçün bir neçə saat sonra İvaşovu təkrar əməliyyat etdiyindən aktyorun ürəyi dözmür və o, keçinir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: