Tatyana Samoylova

Tatyana Samoylova

Aktrisa

BİOQRAFİYA
Tatyana Samoylova - 4 may 1934-cü ildə Leninqrad şəhərində (indiki Sankt Peterburq) anadan olub. Atası Yevgeni Samoylov məşhur aktyor, anası isə Polşa yəhudisi olan Zinaida Levinoy mühəndis idi. Aleksey adında qardaşı da vardı. 1937-ci ildə ailəsi Moskvaya köçür. Tatyana məktəbə getməklə yanaşı, baletlə də məşğul olur. Məşhur balerina Maya Plisetskaya onun istedadını görür və Böyük Teatrın nəzdində balet məktəbində oxumağa dəvət edir. Amma atasının oynadığı rollarla tərbiyələnən Tatyana aktrisa olmaq istəyirdi. Elə bu istəklə də 1953-cü ildə B.Şukin adına Teatr Məktəbinə daxil olur. Lakin burada cəmi üç il təhsil alır. Məktəbdə gələcəyin məşhur aktyoru Vasili Lanavoyla tanış olur. Onların tanışlıqlarının maraqlı tarixçəsi də var. Bir dəfə Vasili ona yaxınlaşıb soruşur ki, “sən kimsən?”. Tatyana da cavab verir ki, “Mən atamın və anamın qızıyam”. Beləliklə, məhəbbətləri başlayır və onlar evlənirlər. 1955-ci ilin yayında Tatyana “Meksikalı” filmində Mariya roluna dəvət alır. Çəkilişlər Odessada aparılır. Həmin dövrdə tələbələrə təhsil ala-ala kinoya çəkilmək qadağan idi. Qadağanı pozanların diplom işi qəbul olunmurdu. Tatyana məktəb rəhbərliyinin qəzəbinə tuş gəlir və 1956-cı ildə təhsil ocağını tərk edir. Həmin il rejissor Mixail Kalatozov “Durnalar uçur” filmini çəkməyə başlayır. Baş rola əvvəlcə sovet kino ulduzu Yelena Dobronravova nəzərdə tutulsa da, ikinci rejissor istedadlı tələbə Tatyananı filmə dəvət edir. Tatyana Veronika roluna çəkilir və bununla da sənət ulduzu parlayır. Dramaturq Viktor Rozovun “Əbədi sağ olanlar” pyesinin motivləri əsasında çəkilən “Durnalar uçur” filmi böyük şöhrət qazanır. Ekran əsəri 1958-ci ildə Kann kinofestivalının baş mükafatına (“Qızıl palma budağı”), Tatyana isə “Ən təvazökar və cazibədar aktrisa” adına layiq görülür. Şöhrət tacı ilə Moskvaya qayıdan Tatyana Dövlət Teatr Sənəti İnstitutuna (QİTİS) qəbul olunur, Mayakovski və Vaxtanqov teatrlarında işləməyə başlayır. Bundan sonra bir neçə filmdə (“Göndərilməyən məktub”da Tanya (1959), “Luis Qarros dost axtarır”da Nataşa (1960) və s. çəkilir. 1967-ci ildə “Anna Karenina” filmində baş rolu ilə yenidən diqqət mərkəzində olur. Sonralar müəyyən fasilələrlə daha 10-dan çox filmdə rol alır. Sənət həyatı uğurlu olsa da, şəxsi həyatı barədə bunu demək mümkün deyil. 1958-ci ildə o, Vasilidən ayrılır. Tatyana bu ayrılığı Vasilinin həddindən çox işləməsi, evdə az-az olması ilə izah edir. Anası Tatyanaya məsləhət verir ki, ailəsini qorumaq istəyirsə, bir müddət ayrı yaşasınlar. Cütlük də özlərini sınamağa qərar verir, amma nəticəsi olmur və evlilik sona çatır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Tatyana_Samoylova
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç