Aleksey Korenev
Rejissor
Aleksey Aleksandroviç Korenev (2 may 1927, Moskva – 26 fevral 1995, Moskva ) – sovet rejissorudur. Dağıstan MSSR-nin əməkdar incəsənət xadimi olub (1971). 1958-ci ildən Kommunist Partiyasının üzvü olub. Aktrisa Yelena Korenevanın atasıdır. Rejissor Moskvada imkanlı ailədə anadan olub. Rus aktyoru Oleq Yefremovla bir sinifdə oxuyub, həmçinin dram dərnəyinə də bir yerdə gediblər. 1951-ci ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. Rejissor kimi 1959-cu ildə “Çernomoroçka” komediyası ilə debüt edib. Ekran əsəri “burjuaz sadəlövhlüyünə” görə sərt tənqid atəşinə tuş gəlib. Növbəti tammetrajlı bədii filmi Viktoriya Tokarevanın “Yalansız bir gün” əsəri əsasında lentə aldığı “Ədəbiyyat dərsi” filmi olub. Ancaq həmin filmi də ideoloji baxımdan “zərərli” kimi təsnif edərək, nümayişdən çıxarıblar. Hərçənd Aleksandr Qaliç və Konstantin İsayevin eyniadlı pyesi əsasında lentə aldığı “Sizi Taymır çağırır” (1970) televiziya filmi tənqidçilərin rəğbətini qazanıb. Bununla belə, Qaliçin mühacirətindən sonra film ekranlardan çıxarılıb. Filmdə baş rollardan birini aktrisa kimi debüt edən qızı Yelena Koreneva oynayıb. 1995-ci ildə infarktdan vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: