Jan-Klod Van Damm

Jan-Klod Van Damm

Aktyor, prodüser, ssenarist, rejissor

BİOQRAFİYA
Jan-Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanın paytaxtı Brüsseldə holland əsilli (flamand) ailədə anadan olub. Atası mühasib və gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. Van Damm 1978-1979-cu illərdə Avropa Peşəkar Karate Federasiyasının orta çəki üzrə çempionu olub. Jan-Klod Van Damm 1981-ci ildə Los- Ancelesə (Kaliforniya ştatı, ABŞ) köçür. İdman formasını qorumaq üçün idman salonunda ödənişsiz olaraq təmizlik işlərinə nəzarət edir. Həmin müddətdə taksi sürücüsü, gecə klublarında cangüdən, pizza satışı kimi işlərdə çalışırdı. 1983-cü ildə Fransız istehsalı olan "Barbar küçəsi" adlı filmdə polis rolunu canlandırır. 1984-cü ildə "Breyk-dans: Film" filmində rol alır. Eyni il "Əbədi Monako" adlı parodiya filmində beş dəqiqəlik qısa rolu ilə homoseksual karateçi rolunu canlandırır. 1986-cı ildə "Nə geri çəkil, nə də təslim ol" filmində rol alır. Bu filmdə onun rolu qısa idi və mənfi obraz kimi canlandırılmışdı. Lakin bu əsərlə bir çox rejissorların diqqətini cəlb edə bilir. 1988-ci ildə az büdcəli film olan "Qara qartal" filmində rol alır. Menahem Qolan adlı prodüserin sayəsində Van Damm 1988-ci ildə "Qanlı idman" filminə dəvət olunur. Bu filmdən sonra Van Damm tanınmağa başlanır. "Kikboksçu", "Kiborq", "Ölümcül order", "Şir ürəkli", "İkiqat zərbə", "Universal əsgər" kimi döyüş filmlərində çəkilir. 1990-cı illərin sonlarına yaxın çəkildiyi filmlər ona populyarlıq qazandıra bilmir. Çünki bu müddətdə narkotikdən asılı olmuş və uzun müddət bu xəstəliyi ilə mübarizə edirdi. Van Damm 1996-1997-ci illər ərzində tam müalicə olunur, bir sıra filmlərə çəkilərək əvvəlki populyarlığını geri qaytarmağa çalışır. Jan-Klod Van Dammın ilk həyat yoldaşı olan venesuelalı Mariya Rodriges olub. Onlar 1981-ci ildə boşanıblar. 1985-ci ildə Sintiya Derdianla ailə həyatı qurub, lakin bir müddət keçdikdən sonra 1986-cı ildə onlar boşanırlar. Həmin ildə model olan Qledis Portigeslə evlənib. Van Dammın bu nikahdan Kristofer və Bianka adlı övladı olur. Lakin onlar 1992-ci ildə boşanırlar. Van Damm 1994-cü ildə model olan Derci La Pyerlə evlənir. Onların Nikolas adlı övladı olur. 1996-cı ildə onlar boşanırlar və bu müddətdən başlayaraq Van Damm narkotikdən asılı vəziyyətə düşür. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotikdən imtina edir. 1999-cu ildə isə Van Damm və Qledis Portiqes yenidən ailə həyatı qururlar. "MTV Movie Awards" kinomükafatının "The most desirable man" (azərb. Ən arzu olunan kişi) kateqoriyasına görə 3 dəfə (1992, 1993 və 1994) nominasiyaya layiq görülüb. 2010-cu ildə "The Grand World Prize" və "Golden Talents Of The Planet" mükafatlarının qızıl ordeninə layiq görülüb. Jan-Klod Van Damm uşaqlıqda beş il baletlə məşğul olub. Jan-Klod Van Dammın ləqəbi "Brüsseldən gələn əzələlər" (The Muscles from Brussels) kimi səslənir.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Jan-Klod_Van_Damm

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç