Oliviya De Hevillend

Oliviya De Hevillend

Aktrisa

BİOQRAFİYA

Oliviya Meri de Hevillend 1 iyul 1916-cı ildə Tokioda anadan olub. Onun anası Lilian Avqusta Roz teatr aktrisası idi və daha çox tamaşaçılara Lilian Fonteyn ləqəbi ilə tanınırdı. Oliviyanın atası isə Britaniya vəkili Uolter Avqustus de Hevillend idi. 1917-ci ildə onun bacısı Coan Fonteyn anadan olur. Sonradan onların aktyorluq fəaliyyətinin təşəkkülündə rəqabət o qədər uzağa getdi ki, onlar nəinki bir-birilə görüşməyi, hətta söhbət etməyi də kəsdilər. Onun əmisi oğlu tanınmış Britaniya təyyarə konstruktoru Ceffri de Hevillend idi. O, tarixə yaratdığı "De Havilland Mosquito" təyyarəsi ilə düşdü. 1919-cu ildə onun valideynləri boşanırlar. Bundan sonra Oliviya anası və bacısı ilə Kaliforniyanın Saratoqa şəhərinə gəlir. O, Kaliforniyanın Los-Qatos şəhərində orta təhsil alır. Onun aktyorluq fəaliyyəti 1930-cu illərdə başlamışdı. Oliviyanın bu sahədə debütü "Yay gecəsində yuxu" quruluşundakı Germiya rolu olur. Bu əsər Kaliforniyanın tanınmış Hollivud-boul teatrında göstərilmişdi. Lakin 1935-ci ildə o, teatrda işləməyi kinoya dəyişdi. Onun ilk çəkildiyi filmlərdən "Kapitan Bladın odisseyi" (1935), "Robin Qudun macəraları"nı (1938) misal çəkmək olar. 1939-cu ildə Oliviya əfsanəvi "Küləklə sovrulanlar" filmində Melani Uilks rolunu ifa etdi. Bu uğurlu roluna görə o, İkinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd oldu. Oliviya de Hevillendin Şöhrət Xiyabanında ulduzu 1941-ci ildə Hevillend Amerika vətəndaşlığını qəbul edib. 1940-cı illərin əvvəlində Oliviya "Warner Bros." kino şirkətinin onun boynuna qoyduğu rollardan narazı idi. O, hesab edirdi ki, artıq daha dramatik rollar ifa etməlidir. Bu narazılıqdan sonra onunla studiya arasında qalmaqal baş verdi və bu, işi məhkəmə prosesinə gətirib çıxardı. Lakin o illərdə bağlanmış aktyor müqaviləsinə görə o, kinostudiyadan ayrılandan sonra yarım il də ondan asılı qalmalı idi. Bu, o demək idi ki, Oliviyanın həmin müddətdə rol almaq şansı yox idi. Oliviya de Hevillend Kinoaktyorlar Gildiyası ilə birlikdə məhkəmə iclasından qalib çıxdı və prodüserlərdən asılı olmayaraq yaradıcılıq azadlığı əldə etdi. Hevillendin cəsarəti və təzyiqi digər aktyorlar arasında ona daha çox hörmət qazandırdı. Həmin aktyorların içində onun bacısı Coan Fonteyn də var idi. 1940-cı illərdə aktrisa 3 dəfə Ən yaxşı qadın roluna görə "Oskar"a namizəd və iki dəfə isə qalib oldu. Ona bu mükafatı 1946-cı ildə "Hərəyə özününkü", 1949-cu ildə isə "Vərəsə" filmləri qazandırır. Uzun illər kino aktrisası kimi fəaliyyət göstərən Oliviya de Hevillend kino fəaliyyətini başa çatdırandan sonra televiziyada çəkilməyə başladı və 1987-ci ildə "Anastasiya: Annanın sirri" filmindəki Mariya Fyodorovna roluna görə "Qızıl qlobus" və "Emmi" mükafatlarına layiq görülüb. De Hevillend 2003-cü ildə gözlənilmədən Amerika kinoakademiyasının 75-ci mükafatlandırma mərasiminə gəldi. Bir il sonra isə "Küləklə sovrulanlar" filminin 65 illiyinə həsr olunmuş sənədli filmin çəkilişlərində iştirak edib. 17 noyabr 2008-ci ildə ABŞ prezidenti kiçik Corc Buş Oliviya de Hevillendi Milli İncəsənət mükafatı ilə təltif edib. 9 sentyabr 2010-cu ildə isə aktrisaya Fransa prezidenti Nikolya Sarkozi tərəfindən Fəxri Legionun Kavaler Ordeni titulu verilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Oliviya_de_Hevillend

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç