Sofi Loren
Aktrisa
Sofi Loren 1934-cü il sentyabrın 20-də anadan olub. Əsl soyadı Şikolone olan Sofi Romada dünyaya göz açıb. Bir çox kino ulduzları kimi Sofi Loren də həyat və sənətdə öz yerini tapa bilməyən, bir sözlə, uğursuzluğa məhkum aktyor ailəsində doğulub. Anası Romildanın nə həyatda, nə də sənətdə bəxti gətirib. Uğursuz əyalət aktrisası olan Romildanın şəxsi həyatı da alınmayıb. Qısamüddətli ailə həyatından sonra o, ömrünün sonuna qədər tənha yaşamalı olub. Romada işləməyin və yaşamağın mümkünsüz olduğunu görüb, doğma kəndinə – Piççuoliyə dönməyi qərarlaşdıran Romildanı teatr aktyoru olan həyat yoldaşı tək buraxıb. Beləliklə, körpə qızı Sofi ilə kəndə dönən ana övladını tək böyütməli olub. Sofinin uşaqlığı dəniz kənarında yerləşən Piççuoli kəndindəki darısqal bir evdə keçib. Kasıb və bədbəxt ana qızının ən zəruri tələbatını güclə ödəyirdi. Sofinin uşaqlığının necə keçməsini, ən dolğun şəkildə, anası bir yerə gedəndə qızın tez-tez yanında qaldığı qonşu qadının sözləri ifadə edir. O, aralıqda qalan bu qızcığazın halına yanaraq belə deyirmiş: "Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Axı onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir". Ancaq Sofinin bəxti gətirir. Heç kimin diqqətini cəlb etməyən arıq, çəlimsiz Sofi böyüdükcə dəyişir, gözəlləşir. Və təcrübəli aktrisa gözü ilə qızını müşayiət edən ana öz arzularını onun simasında gerçəkləşdirmək fikrinə düşür. Sofinin sənət karyerası da bu məqamdan başlayır. Bu məramla o, qızını gözəllik müsabiqəsinə aparır. Gözəllik yarışmasının qayda-qanununa müvafiq olaraq, çimərlik paltarı geyinən Sofi podiuma anasının dikdaban ayaqqabısında çıxır. Münsiflər heyətinin diqqətini cəlb edən Sofi qeyd-şərtsiz "Dəniz gözəli" nominasiyasının qalibi olur. 1945-ci ildə keçirilən bu müsabiqədən düz bir il sonra Sofi daha bir gözəllik yarışmasına qatılır. Bu dəfə onun adı Romada keçirilən ümummilli gözəllik müsabiqəsinin qalibləri sırasında çəkilir. Bu müsabiqə Sofinin həyatında əsaslı dönüş yaradır. Heç kimin tanımadığı Sofi bir anın içində məşhurlaşır. İtaliyanın ən məşhur jurnallarının üz qabığında şəkilləri çıxan Sofi həyatın firavanlığını duymağa başlayır. Pul mükafatları, hədiyyələr, ardı-arası kəsilməyən görüşlər, bir-birindən yaraşıqlı libaslar və s. Romilda isə Roma ümummilli gözəllik müsabiqəsinin qalibi sayılan qızını yanına salaraq, prodüserlərə müraciət edir. Öz karyerasını qura bilməsə də, Romilda ağıllı qadın idi. O, özünün bütün uğursuzluqlarını, kəm-kəsirini dəqiqliklə qiymətləndirərək, cidd-cəhdlə qızının karyerasında bu səhvləri təkrarlamamasına çalışırdı. Sofinin özü də qarşısıalınmaz bir istəklə filmlərə çəkilmək istəyirdi. Və prodüsserlərin, rejissorların diqqətindən kənarda qalmayacağına inanan Sofi günlərin birində "Afrika dəniz altında" filmində baş rola dəvət alır. Sofi təxəllüsünü – "Loren"i də elə bu filmin çəkilişi zamanı götürüb. Belə ki, "Sən bu filmdə baş rolu oynayırsan. Ancaq familiyan xoşuma gəlmir. Şikolone çox kobud, vulqar səslənir", – deyən filmin prodüsseri ona yeni soyad götürməyi məsləhət görür. Və bu seçimdə özü də ona kömək edir. Bundan əvvəl ekranlaşdırdığı filmin baş rolunun ifaçısı Marto Torenin adını xatırlayan prodüser Torenin üzərində dayanır. Və "Toren" soyadının təkrarlanmaması üçün bu soyadın baş hərfini dəyişməyi təklif edir. "T" hərfini əlifba sırası ilə başqa hərflərlə əvəzləyir. Ən nəhayət, "L" hərfi üzərində dayanır. Beləcə, "Sofi Loren" meydana çıxır. Bu ad yaransa da məşhur aktrisadan hələ səs-soraq yox idi. Sofi Loren, sadəcə, aktrisa olmaq istəyən adi bir qız idi. Sofinin bu yolda göstərdiyi əzmkarlığa baxmayaraq, o, istəklərini gerçəkləşdirə bilmirdi. Kino ulduzu olmaq üçün yenə nə isə lazımdı. Açıq-aydın görünürdü ki, necə, nə cür olacağını müəyyənləşdirmək mümkün olmayan bir təkan lazımdır. Sofinin yenə də bəxti gətirir. O, Vittorio De Sika ilə tanış olur. "Mən ona hörmət edirdim, onu sevirdim. Bizim məhəbbətimiz 20 il davam elədi. Və bu məhəbbət nəticəsində 14 film meydana gəldi". Vittorio De Sika Sofinin yaradıcılığında müstəsna rol oynayıb. O, nəinki Sofini kino ulduzu kimi kəşf eləyib, eləcə də, onun sənət müəllimi olub. Vittorio bir sənətkar kimi başa düşürdü ki, yalnız gözəl qadın fakturası ilə kifayətlənmək olmaz. O, Sofi Lorenin ayrı xüsusiyyətlərini açmağa, yaradıcılıq imkanlarını üzə çıxarmağa çalışırdı. Və Sofiyə məsləhət görürdü ki, ekranda sadə italyan qadınlarının xarakterini canlandırsın. Onların ilk birgə işi "Neapolun qızılları" filmidir. Bu filmdə Sofi satıcı qadın rolunda çəkilsə də, tamaşaçıların diqqətini cəlb edir. Etiraf elmək lazımdır ki, o, hələlik tamaşaçıları məhz gözəl görünüşü ilə sehrləmişdi. Buna baxmayaraq, Rizi, Cannini, Blazetti, Soldati kimi məşhur italyan rejissorları Sofini filmlərinə dəvət edirlər. Sofi Silvana Manqano və Cina Lollobircida ilə rəqabətə girə biləcək səviyyəyə qalxır. 1956-cı ildə Sofi Loren Amerikaya gedir. Sofinin sənətini yüksək qiymətləndirən Amerika rejissorları onu böyük həvəslə filmlərə çəkirlər. Sofi Amerika kinorejissorları ilə 4 illik müqavilə imzalayır. 12 filmdə çəkiləcək Sofiyə 2 milyon dollar məbləğində qonorar vəd edilir. Amerikada onu izləyən şöhrət və uğurlara baxmayaraq, vətən Sofini geri "çağırır". Sonralar bunu etiraf edən Sofi deyir: "Mən özümü Amerikada rahat hiss etmirdim. Başa düşürdüm ki, mən öz vətənimə – İtaliyaya qayıtmalıyam". Sofi tezliklə belə də edir. Elə həmən il də prodüser Karlo Ponti ilə ailə qurur. Onu da deyək ki, Sofi Loren Karlo Pontini çoxlu sayda pərəstişkarı arasından seçir. Hər ikisinə xoşbəxtlik və uğur gətirən bu izdivac barədə, adətən, belə deyirlər: "Öz xoşbəxt taleyinə görə təkcə Loren Pontiyə borclu deyil. Ponti özü Sofinin sayəsində məşhur prodüserə çevrildi". Göründüyü kimi, ailə həyatı Sofini nəinki sənətdən uzaqlaşdırır, əksinə, Ponti onun yaradıcılığına xüsusi qayğı və tələbkarlıqla yanaşır. Bu idivacdan sonra Sofinin çəkildiyi ilk film – "Çoçara" ona böyük şöhrət gətirir. 1969-ci ildə Hollivud jurnalistlərinin 38 ölkədə keçirdiyi sorğuya əsasən, Sofi Loren ilin ən məşhur aktrisası kimi "Qızıl şar" mükafatına layiq görülür. Nəhayət, sonda xoşbəxt ailə və sənət taleyi olan Sofi Loreni daha yaxından tanımaq üçün onun bir etirafına nəzər yetirək. Sofi Loren deyir: "Əgər mənə dünyanın ən yaxşı və ən vacib filmində çəkilməyi təklif etsəydilər, lakin bu film mənim şəxsi həyatıma – anama, həyat yoldaşıma ziyan gətirsəydi, mən qətiyyətlə etiraz edərdim. Çünki kino kinodur, həyat isə mənim həyatımdır!".
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sofi_Loren