Süleyman Ələsgərov

Süleyman Ələsgərov

Bəstəkar

BİOQRAFİYA

Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada (Qarabağ, Azərbaycan) doğulub. İlk təhsilini Şuşada alıb; Musiqi texnikumunun tar şöbəsini bitirib. 1941-44-cü illərdə dahi bəstəkar Üzeyir Hacıbəyov və B.Zeydmanın sinfində bəstəkarlıqdan dərs alıb. Konservatoriyanı 1948-ci ildə bitirib. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944-1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949-1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951-1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952-1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954-1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960-1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971-1998) vəzifələrində çalışıb. Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan, ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantata, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, tar üçün üç konsert, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata", "Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışıb. Bir qızı, bir oğlu var. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə vəfat edib. I Fəxri Xiyabanda dəfn edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/S%C3%BCleyman_%C6%8Fl%C9%99sg%C9%99rov_(b%C9%99st%C9%99kar)

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç