İqor Xristenko
Aktyor
İqor Vladlenoviç Xristenko – sovet və rusiyalı estrada artisti, yumorist, teatr və kino aktyoru, parodiyaçıdır. 4 iyul 1959-cu ildə Rostov şəhərində tanınmış opera müğənnisi Vladlen Semyonoviç Xristenko və balet rəqqasəsi, Tacikistan SSR əməkdar artisti Alla Pavlovna Polyakovanın ailəsində dünyaya göz açıb. Məktəbi bitirdikdən sonra Moskvaya köçüb və M.S.Şepkin adına Ali Teatr Məktəbinə daxil olub (Viktor İvannoviç Korşunovun kursu). İqorun həyat yoldaşı Yelena da bu məktəbin məzunu olub. 1980-ci ildə təhsili başa vurduğdan sonra bir neçə il Satira teatrında çalışıb. 1990-cı illərdə Rusiyanın televiziya kanallarında Boris Yeltsin, Aleksandr Lebed, Vladimir Jirinovski kimi tanınmış siyasətçiləri parodiya etməklə məşhurlaşıb. Çıxışlarından birini Vladimir Jirinovski çox bəyəndiyindən sonradan onu bir neçə şənliyinə dəvət edir. 1999-2002-ci illərdə NTV telekanalının “Kuklalar” layihəsində iştirak edib və eyni vaxtda 12 müxtəlif personajı səsləndirib. Vladimir Qorikker, Sergey Nikonenko, Dmitriy Astraxan, Andrey Qorbatı kimi rejissorların çəkdiyi filmlərdə rol alıb, həmçinin “Yerelaş” və “Fitil” kimi kinojurnalların çəkilişində iştirak edib. Multuplikasiya filmlərinin səsləndirilməsində aktiv iştirak edib. Xeyli müddət Rusiyanın ən məşhur yumoristik proqramlarından sayılan “Krivoye Zerkalo”nın daimi aktyor heyətində yer alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%80%D0%B8%D1%81%D1%82%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%98%D0%B3%D0%BE%D1%80%D1%8C_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%BB%D0%B5%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87