Klara Rumyanova

Klara Rumyanova

Aktrisa

BİOQRAFİYA
Klara Mixaylovna Rumyanova — Sovet və rus radio və kino aktrisası, RSFSR-in əməkdar artistidir. Klara Mixaylovna Rumyanova 1929-cu ildə Leninqradda anadan olub. 1940-cı ildə Leninqraddan Moskvaya yola düşür. Paytaxta yenicə gələn gənc qız burada ilk çətinliklərlə qarşılaşır: onun pulunu oğurlayırlar və gələcək aktrisa uzun müddət ac qalmalı olur. Hətta rejissor Sergey Gerasimovun rəhbərliyi ilə aparılan imtahan zamanı Klaranın auditoriya qarşısında acından ürəyi gedir. Məhz S.Gerasimovun göstərişi ilə K.Rumyanovaya yemək verilir və o, bu peşədə gələcək aktrisanın ilk müəllimi olur. K.Rumyanova kinoya ilk dəfə birinci kursda oxuyarkən çəkilir. O, ilk təcrübəsini isə S.Gerasimovun “Kənd həkimi” filmində keçir. Çəkiliş zamanı belə bir hadisə yaşanır: ssenariyə əsasən, filmdə körpə qışqıraraq ağlamalı idi. Lakin bütün heyət nə qədər çalışsa da, “balaca aktrisa” rejissorun tələbini yerinə yetirmir. Bu zaman körpənin yerinə Klara Rumyanova “ağlayır” və bununla da məşhur səs kəşf edilir. Klara karyerasına epizodik rollarda çəkilməklə başlayır: Leonid Qaydayın “O dünyadan adaxlı” komediyasında, Mixail Şveytserin “Dirilmə” filmində kiçik rolda oynayır. Bundan başqa, “Onlar birinci idi”, “Dörd nəfər”, “Əvvəlcə həyat”, “Vaxt, irəli!”, “12 stul” filmlərində də müxtəlif obrazlar yaradır. Klara Rumyanova hər nə qədər epizodik rollarda oynasa da, bir qədər sonra onu şöhrətə aparacaq təklifdən könüllü şəkildə imtina edir. Belə ki, aktrisa “Mosfilm”in direktoru İvan Pıryevin 1953-cü ildə “Sədaqətin sınağı” filminə çəkilmək təklifini rədd edir. Ən “dəhşətlisi” isə Klaranın direktora verdiyi cavab olur: “Nə təklif etdiyiniz rol, nə də ssenariniz xoşuma gəlir. Bu film uğursuz olacaq”. Təbii ki, bir “azyaşlı”nın İ.Pıryevə dediyi bu sözlər tanınmış rejissorun xoşuna gəlmir və onu otağından qovur: “Sən heç bilirsən, nə danışırsan?! Otağımdan rədd ol! Sənin ayağın bir daha “Mosfilm”ə dəyməyəcək. Mən sənə kinoda çəkilməyi qadağan edirəm!”. Bununla da aktrisanın “Mosfilm”ə gedən yolu bağlanır. Klara Rumyanova 30 ildən çox yaradıcılıq fəaliyyətində 300-dən artıq Sovet cizgi filmini səsləndirib. O, “Soyuzmultfilm”də 1963-2003-cü illərdə çalışıb. Bundan başqa Klara dünya müsabiqəsində “Yer üzündə animasiya üzrə tanınmış ən yaxşı səsin sahibi” adına layiq görülüb. 18 sentyabr 2004-cü ildə Moskvada vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Klara_Rumyanova
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç