Vins Gilliqan
Ssenarist, prodüser, aktyor, rejissor
Vins Gilliqan (ing. Vince Gilligan) – amerikalı ssenarist, kinorejissor və kinoprodüserdir. Daha çox “Çətinliyə baş vurmuş” (Breaking Bad) adlı populyar kriminal serialın və onun prikvel və sikvelinin yaradıcısı kimi tanınır. Həmçinin “Məxfi Materiallar” serialı üzərində gördüyü işlə şöhrət qazanıb. Gilliqan 10 fevral 1967-ci ildə ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində dünyaya göz açıb. Valideynləri məktəb müəllimi və sığorta agenti olub. Atası 1974-cü ildə anasından ayrılıb. Vins balaca qardaşı Patriklə birlikdə Farmvil şəhərində yaşayıb. Gənc yaşlarında Gilliqan Enqus Uolla tanış olub. Sonuncunun anası Ceki onun oxuduğu məktəbdə müəllim işləyib və Gilliqana müvəqqəti olaraq kamera verib. Həmin kameranın köməkliyi ilə Gilliqan qardaşı Patriklə birlikdə həvəskar elmi-fantastik filmlər çəkməyə başlayır. 12 yaşında olanda Vins “Kosmik dağıntı” adlı ilk filmini ərsəyə gətirib. Bir il sonra Virciniya Universitetinin ayrı-ayrı yaş qrupları arasında keçirdiyi kinematoqrafiya müsabiqəsində birinci yerə çıxıb. Televiziya sahəsində ilk uğurunu “Məxfi Materiallar” teleserialında qazanıb. Vins serialın böyük fanatı olub. Onun yaradıcısı Kris Karterlə görüşdükdən sonra, sonuncu ona ikinci mövsüm üçün bir epizodun ssenarisini yazmağı təklif edib. “Tutqun işıq” adlı epizodun uğurundan sonra Karter onu daimi ssenarist ştatına dəvət edib. Serialın yaradıcı heyətində 7 il yer alıb. 26 epizodun ssenari müəllifi olub, 44 epizodun icraçı prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%B3%D0%B0%D0%BD,_%D0%92%D0%B8%D0%BD%D1%81