Georgi Millyar

Georgi Millyar

Aktyor

BİOQRAFİYA

Georgi Millyar Frantseviç 7 noyabr 1903-cü ildə Moskva şəhərində (Rusiya) anadan olub. Atası fransalı körpü-tikinti mühəndisi Frants de Milyon işlə əlaqədar Rusiyaya gəlmiş və İrkutsk şəhərinin qızıl mədənində bir mühəndisin qızı, onun gələcək anası ilə tanış olur. Georginin 3 yaşı olanda atası rəhmətə gedib. Buna baxmayaraq, onlar çox yaxşı yaşayıblar, iki yerdə mənzilləri, bağ evləri olub. Xalası aktrisa olduğundan Georgini tez-tez teatra apararmış. Beləliklə, onda uşaqlıqdan sənətə məhəbbət yaranıb. Georgi evə gələn qonaqlara kiçik səhnəciklər göstərərmiş. 1917-ci ildə Rusiyada inqilab başlayanda anası onu Krasnodar diyarının Gəlincik qəsəbəsinə - babasının yanına göndərir və o, beş il orada yaşayır. Bolşeviklər onların mülklərini əllərindən alır və öz evlərində qalmaq üçün bir otağı onlara verirlər. Georgi orta məktəbi burada bitirir. Sonra teatrda dekorçu işləməyə başlayır. İşinə məsuliyyətli olsa da, aktyorluq karyerası haqda xəyallar qurur. Tale onun üzünə 1920-ci ildə gülür. Tamaşaların birində baş rolu oynayan aktrisa xəstələnir, məcbur qalıb rolu Georgiyə verirlər. Beləliklə, Georgi Millyarın teatr karyerası qadın rolu ilə başlayır. 1924-cü ildə artıq o, təcrübəli aktyor kimi Moskvaya qayıdır və V.Mayakovski adına Teatra işə düzəlir. Orada 1938-ci ilə qədər işləyir və oynadığı bir-birindən maraqlı rollarla məşhurlaşır. Lakin onu kino daha çox maraqlandırır. Tədricən teatrdan uzaqlaşıb, kinoda epizodik rollara çəkilməyə başlayır. 1939-cu ildə rejissor Aleksandr Rounun “Gözəl Vasilisa” nağıl-filmində birdən-birə üç (Küpəgirən qarı, Ata və Quslyar) rolu canlandırır. Əvvəlcə Küpəgirən qarı rolunu qadın rolu olduğuna görə oynamaq istəməyən aktyor sonradan rejissorun təkidiylə razılaşır. Bunun ardınca “Şahzadə və dilənçi”, “Şveyk döyüşə hazırlaşır”, “Şveykin yeni sərgüzəştləri” və sair filmlərə çəkilir. Həmçinin bir çox cizgi filmlərinin səsləndirilməsində iştirak edir. 1944-cü ildə yenə Aleksandr Rounun dəvəti ilə “Soyuzdetfilm”in istehsalı olan “Ölməz Kaşşey” nağıl-filmində qorxulu Kaşşey və Qoca rollarını oynayır. Ümumiyyətlə, aktyorun istedadı filmlərdə iki-üç rolu birdən oynamağa imkan verirdi. Kaşşey roluna çəkilməzdən əvvəl o, malyariya xəstəliyinə tutulur və həddindən çox arıqlayır. Hətta arıq olduğuna görə ona canlı skelet də deyirdilər. Nağıl-film 1945-ci il mayın 9-u - Qələbə günündə ekrana çıxır. Film çox uğurlu alındığından milyonlarla uşaq izləyicisini özünə cəlb edir. Georgi Millyar rejissor Aleksandr Rounun ümumilikdə 16 filmində 30 rol oynayıb. 1964-cü ildə “Morozko” filmində yenə Küpəgirən qarı və Quldur rollarını canlandırıb. Bütövlükdə aktyorun çəkildiyi 100-dən artıq filmdə 10-dək Küpəgirən qarı rolu var. Bundan başqa, o, “Od, su və mis borular", “Qızıl buynuz”, “Ələddinin sehrli çırağı”, “Köhnə ev”, “Qafqaz əsiri” və sair filmlərə də çəkilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Georgi_Millyar

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç