Nuri Bilge Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda (Türkiyə) anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da, uşaqlığı ata yurdu olan Yenicedə (Çanakkale şəhəri) keçir. Burda o, məktəbi bitirir və Boğaziçi Unversitetinin elekrotexnika fakültəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır. Amma yaşıdlarından fərqli olaraq, o, standart fotolardan qaçırdı. Qəfildən, xəbər etmədən insanları təbii halları ilə obyektivinə salmağı sevirdi. 17 yaşı olarkən o, artıq sərhədi aşıb Almaniya, İsveç, Niderlandı tələbəlik illərinin dostu ilə səyahət etmişdi. Nurinin axtarışları bu aralar daha da artmışdı. Ən pisi isə, o, nə axtardığını özü də dərk etmirdi. Tək bir insanın görməsi lazım olan işlərə meyl edirdi. Qrup, kollektiv arasında işləmək onluq deyildi. Bacardıqca insanlarla ünsiyyətdən qaçar, təkliyə çəkilər, saatlarla klassik musiqi, xüsusən Motsartı dinlərdi. Yalnızlıq onun sümüyünə kimi işləmişdi... İnsanların unutduqları, bəzən önəm vermədiyi, bəzən utandığı bir çox amilləri o öz filmlərində yada salır. İnsan düşüncəsini, hisslərini dialoqsuz, heç bir mahnıya, kəlməyə ehtiyac olmadan tamaşaçıya yaşada bilir. Tamaşaçı və baş qəhrəman arasında ürək bağı yaradır. Rejissor üslubuna görə onu İnqmar Berqman, Antonioni, Yasudziro Odzu və Andrey Tarkovski ilə müqayisə edirlər. 1990-cı ildə isə məhz Tarkovskinin filmini izləyərkən filmi yarıda buraxıb, zalı tərk etsə də, dörd il sonra Tarkovskinin eyni filminə baxıb olduqca təsirlənmişdi. Filmlərinə ssenariləri özü yazır və ən xırda detala qədər ssenaridə qeyd edir ki, çəkiliş meydançasında vaxt itkisi olmasın.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Nuri_Bilg%C9%99_Ceylan