Silvestr Stallone

Silvestr Stallone

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Silvestr Stallone 6 iyul 1946-cı ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Onun atası ABŞ-a köçmüş siciliyalı mühacir Frenk Stallone (böyük) bərbər vəzifəsində çalışıb, anası Jaklin Stallone fransız və yəhudi əsillidir. Öz sözlərinə görə, uşaqlığı elə də xoşbəxt keçməyib. Stallonenin dodaqları, dili və çənəsi uşaqlıqdan bəri iflic olub. Üz nahiyəsində baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilib. Uşaqlıqda raxit xəstəliyindən əziyyət çəkərək, günlərini daim evdə keçirib. Valideynləri həm Silvestrə, həm də onun qardaşı Frenk Stalloneyə (kiçik) qarşı çox laqeyd olublar. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr atası ilə qalır. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Dərs qiymətləri olduqca pis idi və o, tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı. Uşaqlıq illərində o öz fantaziyalarında özünü superqəhrəman kimi canlandırırdı. 15 yaşında Stallone Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıqqaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş "Deveraux High School" məktəbində təhsil alır. Burada o, həmçinin, qılıncoynatma, futbol və diskatma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallone İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin "Satıcının ölümü" adlı əsərində baş rolda çıxış edir. ABŞ-a qayıtdıqdan sonra Mayami Universitetində təhsil alır və 1969-cu ildə Nyu-Yorka yerləşir. İlk vaxtlar Stallone bir sıra aşağı səviyyəli teatrlarda rollar qazanırdı. Gənc yaşlarında hətta bir neçə pornofilmdə də çəkilib. 1971-ci ildə Stallone Vudi Allenin "Bananlar" filmində rol alır. Amma 1971-ci ildə ona müraciət etdiyi "Xaç atası" filmində rol vermirlər. 1973-cü ildə "Qiyamçı" filmində baş rola çəkilir. 1974-cü ildə aktrisa Saşa Çakla ailə həyatı qurur və Kaliforniyaya köçür. "Rokki" filmi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada "Oskar" mükafatına layiq görülür. Stallone artıq Hollivudun "A" kateqoriyalı aktyorları sırasına düşür. O, əlavə olaraq, "Rokki", "Rembo" və "F.I.S.T." filmlərinin ssenarilərini qələmə alır və çəkilir. Rejissor debütünü isə "Cənnət xiyabanı" adlı əsəri ilə edir. Bundan başqa o, başqa rejissorlar tərəfindən çəkilən "Dağıdıcı", "Hakim Dredd" və "Polislər ölkəsi" filmlərində rol alır və hətta yaşlanmış şerifi təsvir etmək üçün 20 kiloqrama qədər kökəlir. Stallonenin "Dayan, yoxsa anam atəş açaçaq" və "Oskar" kimi filmləri uğur və gəlir cəhətdən müvəffəqiyyətsiz olublar. “Dağıdıcı” və “Mütəxəssis” filmləri isə onun şöhrətini geri qaytarır. Stallonenin şəxsi həyatı ilə bağlı bir sıra problemləri mövcuddur. İlk həyat yoldaşı olan Saşadan iki oğlu dünyaya gəlir: Seyc (1976-2012) və Sercio (1979). Sercio anadangəlmə autizm xəstəsidir. 1985-ci ildə Stallone Saşa ilə boşanır və Bricitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir. 1997-ci ildə isə Ceniffer Flavinlə evlənir və cütlüyün üç uşağı dünyaya gəlir. Qızı Sofiya (1996) anadangəlmə ürək qüsurludur. Yeri gəlmişkən, aktyorun böyük oğlu da ürək tutmasından vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Silvestr_Stallone

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç