Oleq Vidov
Aktyor, rejissor, prodüser, ssenarist
Oleq Borisoviç Vidov – Sovet və amerikalı teatr və kino aktyoru, kinorejissor, ssenarist, prodüser və biznesmendir. 1974-cü ildə RSFSR Əməkdar artisti adını alıb. 11 iyun 1943-cü ildə Moskva vilayəti Filimonki kəndində (Rusiya) anadan olub. Anası Varvara İvanovna Vidova məktəb müəlliməsi olub. Atası Boris Nikolayeviç Qarneviç isə iqtisadçı olub. Aktyor ilk dəfə olaraq 1960-cı ildə “Dostum Kolka” adlı bədii filmdə epizodik rola çəkilib. Lakin onun oynadığı səhnə montaj mərhələsində filmdən çıxarılıb. 1962-ci ildə Ümumsovet Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Tələbə olduğu dövrdə səkkiz filmə çəkilib. 1963-cü ildə rejissor Vladimir Basovun “Çovğun” filmində Vladimir rolunu oynayıb. 1964-cü ildə “Adi möcüzə” adlı sevgi nağılında Ayı rolunu oynayıb. Daha sonra rejissor Aleksandr Ptuşkonun “Çar Soltanın nağılı” kinonağılında knyaz Qvidon rolunu ifa edib. 1966-cı ildə institutu bitirib və kult danimarka-isveç-island birgə istehsalı olan “Qırmızı mantiya” filmində şahzadə Haqbard roluna dəvət olunub. Məzun olduqdan sonra mütəmadi olaraq Sovet kinolarına çəkilib. Son illərini ABŞ-da yaşayıb. 15 may 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatının Uestleyk-Villic şəhərində dünyasını dəyişib. Ölüm səbəbi çoxsaylı mielomanın fəsadları göstərilir. Aktyor 2010-cu ildə oğluna dəymək üçün vətəni Moskvaya gələndə halı pisləşmiş və ilk dəfə bu diaqnoz məhz onda qoyulmuşdu.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B8%D0%B4%D0%BE%D0%B2,_%D0%9E%D0%BB%D0%B5%D0%B3_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87