Bille Auqust
Rejissor, ssenarist, prodüser
Bille Auqust – danimarkalı kinorejissor, ssenarist, prodüser və operatordur. Müxtəlif mötəbər kino mükafatları və festivallarının qalibi olub. İkiqat “Qızıl palma budağı” laureatıdır. 9 noyabr 1948-ci ildə Danimarkanın Brede şəhərində doğulub. İki kinoməktəbin məzunudur (Stokholm, 1971 və Kopenhagen, 1973). Karyerasının əvvəlində 1970-ci illərdə operator kimi fəaliyyət göstərib. İlk müstəqil filmini (“Bal ayı”) 1978-ci ildə lentə alıb və dərhal ona görə ən yaxşı Danimarka filmi nominasiyasında “Bodil” Milli Mükafatının laureatı olub. Sonradan bir neçə filmə operatorluq edib və “Maj” adlı telefilmi ərsəyə gətirib. 1983-1984-cü illərdə yazıçı Byarn Royerin əsərlərinin motivləri əsasında “Zappa” (1983), “Basterin dünyası” (1984) filmlərini çəkib. 1987-ci ildə Martin Andersen Neksenin romanı əsasında çəkdiyi “Fateh Pelle” filmi Kann festivalında “Qızıl palma budağı” mükafatını alıb. Sonradan həmin film ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Kann festivalındakı uğurunu 1992-ci ildə “Xoş niyyətlər” adlı filmi ilə təkrarlayıb (Qızıl palma budağı mükafatı). Beləcə Bille Auqust rejissor Alf Şöberq və Frensis Ford Koppollodan sonra iki dəfə Kann festivalının əsas mükafatını qazanmış üçüncü rejissor kimi adını kino tarixinə yazdırıb. Sonradan eyni uğuru Emir Kustritsa, Sehey İmamura, Dardenn qardaşları və Mixael Haneke təkrarlayıb. Avropa kinosunun zirvələrinə yüksələndən sonra Hollivudu fəth etməyi qərara alıb. Ancaq Amerikada rejissorluq fəaliyyəti heç nəylə əlamətdar olmayıb. Onun çəkdiyi heç bir film əvvəlki lentlərin uğurunu təkrarlaya bilməyib. Bir neçə il əvvəl Antoion Banderasla birgə “Versaçi” adlı bayopik çəkməyi planlaşdırsalarda, layihə yarımçıq qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%83%D0%B3%D1%83%D1%81%D1%82,_%D0%91%D0%B8%D0%BB%D0%BB%D0%B5