Tatyana Lioznova
Rejissor, ssenarist
Tatyana Mixaylovna Lioznova 20 iyul 1924-cü ildə Moskvada Moisey (Mixail) Aleksandroviç və İda İzrailevna Lizonovların ailəsində anadan olub. Tatyana Lioznovanın atası iqtisadçı-mühəndis olub. Müharibə başlananda o, xalq yığma ordusuna yazılır və 1941-ci ildə vəfat edir. Məktəbdən sonra Tatyana Lioznova Moskva Aviasiya İnstitutuna daxil olur. Lakin orada cəmi bir yarımillik oxuyur. 1943-cü ildə isə ÜDKİ-də Sergey Gerasimov və Tamara Makarovanın kursuna daxil olur. Sınaq yarımilliyinin sonunda pedaqoqlar onu çıxarmaq istəyirdilər. Onlar belə düşünürdülər ki, 19 yaşlı bir qızın rejissor sənəti üçün həyat təcrübəsi kifayət qədər deyil. Buna baxmayaraq, Tatyana Lioznova tədris işlərini göstərməklə onları razı salır. ÜDKİ-də Lioznova kurs işi kimi Prosper Merimenin novellası əsasında "Karmen" tamaşasını qoyur. Tamaşaya baxan Aleksandr Fadeyev orada baş rolu ifa edən İnna Makarovanı görür və Gerasimova deyir: "Bu da sizin Lyubka Şevsova". Nəticədə Lioznovanın tamaşada quruluş verdiyi Karmenin rəqsi, sonradan Sergey Gerasimovun çəkdiyi "Gənc qvardiya" filminə Lyubkanın rəqsi kimi daxil oldu. Hələ üçüncü kursda oxuyanda Kinoaktyor Teatrında o, Fadeyevin romanı əsasında olan tamaşanın quruluşunda Gerasimovun köməkçisi olmuşdu. 1949-cu ildə Lioznova ÜDKİ-nin rejissorluq fakültəsini bitirdi və fərqlənmə diplomu aldı. Onu Maksim Qorki adına kinostudiyaya göndərdilər, amma tezliklə oradan qovdular. Lioznova müəllimi Gerasimovun, Boris Buneyevin assistenti işlədi və Stanislav Rostoskinin "Torpaq və insanlar" (1955) debüt filmində ikinci rejissor oldu. O, 1952-ci ildə Vaxtanqov adına teatrda Sergey Gerasimov və Samson Samsonovla birlikdə He Çzen-Ji və Dina Ninin pyesi əsasında "Saçı ağarmış qız" tamaşasını hazırlayırlar. Uzaq Şərq mədəniyyətindən valeh olmuş Lioznova, Çin və Koreya xalq nağıllarının motivləri əsasında Vladimir Belyayevlə birlikdə iki pyes yazdı. "Mavi ulduz" pyesi Moskva Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyuldu. Tamaşada o vaxtlar az tanınan Rolan Bıkov oynamışdı. Tatyana Lioznova 1958-ci ildə Sergey Gerasimov və Tatyana Makarovanın ssenarisi əsasında "Ürək yaddaşı" adlı özünün ilk filmini çəkdi. Makarova orada baş rolu da ifa edirdi. 1961-ci ildə "Yevdokiya" filmini çəkir. 1965-ci ildə o, "Səhər tezdən" filmini çəkir. O vaxtdan Lioznovanın quruluşçu operator Pyotr Katayevlə uzunmüddətli əməkdaşlığı başlandı. 1967-ci ildə onun "Plüşşixada üç qovaq" lirik filmi ekranlara çıxır. Bir ildən sonra bu film Argentinada keçirilən beynəlxalq festivalda "insan həyatının real əks etdirilməsinə və izdivac düzgünlüyünə görə" birinci mükafatı qazanır. 1973-cü ildə Lioznova 12 seriyalı "Baharın on yeddi anı" filmi üzərində, demək olar ki, üç illik işini bitirir. Tamaşaçıların yüksək fikrinə baxmayaraq, film SSRİ Dövlət Mükafatına layiq görülmədi. Mükafat nə Lioznovaya, nə də Semyonova verildi. Ştirlis rolunun ifaçısı Vyaçeslav Tixonov isə artıq Dövlət mükafatını əvvəllər almışdı. Beləliklə, filmin əsl mükafatı çoxillik tamaşaçı sevgisi oldu. "Baharın on yeddi anı"ndan sonra Lioznova 6 il heç bir film çəkmədi və pedaqoji fəaliyyətlə məşğul oldu. Əvvəllər o, ÜDKİ-də Gerasimov və Makarovanın emalatxanasında tələbələrə dərs deyirdi. 1975-ci ildən 1980-ci ilə qədər isə Lev Kulicanovla birlikdə yeni rejissor-aktyor emalatxanasına rəhbərlik etmişdir. 1980-ci ildə Lioznova, Aleksandr Gelmanın eyniadlı pyesi əsasında "Biz, qol çəkənlərik" ikiseriyalı televiziya filmini çəkir. Pyes bir neçə teatrda uğurla tamaşaya qoyulsa da, bu Lioznovanı dayandırmadı. 1981-ci ildə isə onun yaradıcılığında kəskin dönüş baş verir. O, dram elementləri olan "Karnaval" musiqili melodramını çəkir. Filmin bəstəkarı Maksim Dunayevski olub. Bundan sonra Lioznova yaradıcılığına 5 il fasilə verir. 1986-cı ildə özünün son filmini çəkir. Bu, üç seriyalı "Son müşavirə ilə bitən dünyanın sonu" televiziya filmi idi. Film Amerika dramaturqu Artur Kopitin pyesi əsasında çəkilmişdi. Filmin çəkilişləri vaxtı 15 avqust 1986-cı ildə quruluşçu operator Pyotr Katayev vəfat edir. Quruluşçu operator işini Mixail Yakoviç davam etdirdi. Həmin filmdə Oleq Tabakov, Yevgeni Vesnik, Oleq Basilaşvili, Dmitri Pevsov kimi aktyorlar çəkilirdi. Tatyana Lioznova SSRİ Kinematoqrafçılar İttifaqının üzvü idi. 2008-ci ildə "Əsrin avtoqrafı" kitabının buraxılışında iştirak edib. Tatyana Lioznova ailə qurmayıb. Övladlığa bir qız uşağı götürüb. Tatyana Mixaylovna Lioznova 29 sentyabr 2011-ci ildə uzun sürən xəstəlikdən sonra 87 yaşında Moskvada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tatyana_Lioznova