Mixail Afanasyeviç Bulqakov 1891-ci ilin 15 may tarixində Kiyev şəhərində Kiyev Ruhani Akademiyasının dosenti Afanasi İvanoviç Bulqakov (1859-1907) və onun həyat yoldaşı Varvara Mixaylovna Bulqakovanın (Pokrovskayanın) (1869-1922) ailəsində dünyaya göz açıb. Ailədə yeddi uşaq var idi: Mixail (1891-1940), Vera (1892-1972), Nadejda (1893-1971), Varvara (1895-1954), Nikolay (1898-1966), İvan (1900-1969) və Yelena (1902-1954). 1909-cu ildə Mixail Bulqakov Kiyev Birinci Gimnaziyasını bitirib Kiyev Universitetinin tibb fakültəsinə daxil olur. 1916-cı ilin 31 oktyabrında həmin fakültəni əla qiymətlərlə bitirib həkimlik diplomunu əldə edir. Təyinata əsasən Smolensk quberniyasının Nikolskoye kəndinə işləməyə gedir. Daha sonra o, Vyazmada həkim kimi çalışır. 1913-cü ildə Tatyana Nikolayevna Lappa (1892-1982) ilə ailə qurur. Birinci Dünya müharibəsi dövründə Bulqakov əvvəllər həkim kimi müharibə zonasında, sonralar isə ehtiyatda fəaliyyət göstərir. 1917-ci ildən mütəmadi olaraq morfi işlətməyə başlayır. Bunu kiçik qıza göstərdiyi tibbi yardım nəticəsində yoluxduğu xəstəliyin ağrılarından can qurtarmaq üçün edir. 1917-ci ilin dekabrında ilk dəfə Moskvaya gəlir və tanınmış Moskva həkimi, dayısı N.M.Pokrovskinin mənzilində qalır. Sonralar "İt ürəyi" povestindəki professor Preobrajenski məhz Pokrovskinin timsalında yaradılır. 1918-ci ilin yazında Bulqakov Kiyevə qayıdır və orada özəl praktika açaraq veneroloq kimi fəaliyyət göstərir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mixail_Bulqakov