Jan-Lük Qodar
Rejissor, ssenarist, montajor, aktyor, prodüser, operator
Jan Lük Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir. Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır. Qodarın həmmüəllifi olduğu “Yeni dalğa” burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. “Yeni dalğa” yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar. Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır. Qodarın filmləri (“Son nəfəsdə” “Kiçik əsgər”,“Öz həyatını yaşamaq”) fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilirdi. 1968-ci ildə Fransadakı tələbə hərəkatında fəal iştirak edən Qodar sol təmayüllü hərəkatın ideya liderlərindən biri olur. Onun filmləri 1968-ci il Fransa inqilabı üçün siyasi pamfletə çevrilir. 1959-cu ildə Qodar ilk filmini “Son nəfəsdə” dramını çəkir. Onun növbəti “Kiçik əsgər” (1960) əsəri realist zorakı səhnələrə görə senzuraya məruz qalır və üç il sonra ekranlara çıxır. Hadisələr Əlcəzair müharibəsi fonunda Cenevrədə baş verir. “Öz həyatınla yaşamaq” (1962) 12 epizoddan ibarətdir. Film azad, sərbəst yaşamaq istəyən Nana adlı gənc qadının hekayətini anladır. Amma azadlıq istəyi ona baha başa gəlir və Nana fahişə olmaq məcburiyyətində qalır. Film Venesiya festivalının iki mükafatını alır. Qadın hekayəti fonunda rejissor sosial, əxlaqi məsələləri araşdırır, insan azadlığına qadağa qoyan, onu manipulyasiyaya sürükləyən cəmiyyəti hədəfə alır. “Nifrət” (1963) Alberto Moravianın eyniadlı romanı əsasında çəkilib. Yazıçı Javal idealistdir, amma kütləvi detektivlər və ssenarilər yazaraq pul qazanır. Avropaya film çəkməyə gələn prodüser ssenarini ona həvalə edir. Və sonra Javalın arvadı prodüserin xoşuna gəlir, bunu sezən yazıçı münasibətləri görməzdən gəlir. İdeallarına xəyanət etdiyinə görə arvadı ona nifrət edir. “Nifrət” prodüserlərin müəllifə təzyiqini göstərən tənqidi filmdir. Film bitəndən sonra müəlliflər rejissora baş rolun ifaçılardan biri Bricit Bardonu çılpaq çəkmədiyinə görə irad tuturlar. Qodar filmin əvvəlində Bardonu “soyundurur”, amma bunu minimal və soyuq çəkməklə qadın bədəninin kapitalist dünyasında əmtəəyə çevrilməsinə etiraz edir. Berlin kinofestivalında “Qızıl ayı” alan “Alfavill” (1956) ağ-qara fantastik filmi totalitarizmi ifşa edir. “Dəlisov Pyero” (1965) kriminal dramı amerikalı yazıçı Lionel Uaytın “Mübtəlalıq” romanının ekran həllidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Jan-L%C3%BCk_Qodar