Nateniel Mekali
Bəstəkar
Nateniel Mekali 1972-ci ildə Fransada anadan olub. Fransalı musiqiçi və kino bəstəkarıdır. Marseldə Milli Konservatoriyada musiqi üzrə ali təhsil alıb. Karyerasını teleşoulara və reklam çarxlarına musiqi və melodiyalar bəstələməklə başlayıb. Daha sonra Livan əsilli fransalı bəstəkar Qabriel Yaridin köməkçisi olub. Debüt işi yəhudi əsilli İsrail rejissoru və ssenaristi Rafayel Nadcarinin 2004-cü ekranlara çıxan “Avanim” filmi sayılır. Daha sonra iki başqa İsrail bədii filmi “Ushpizin” (2004) və “Tehilim” (2007) filmlərinə bəstəkarlıq edib. Gördüyü işi bəyənən Fransanın “EuropaCorp’s” şirkətinin musiqi bölməsinin direktoru, onu rejissor Riçard Berriyə yönləndirir. Beləcə, həmin rejissorun 2005-ci ildə ekrana çıxan “Qara qutu” filminə saundtrek yazır. “Qara qutu” filmindəki işindən razı qalan tanınmış fransalı rejissor və ssenarist Lük Besson onu öz gələcək layihələrinə dəvət edir. Mekali “Revolver” (2005), “Ölümün sirri və otağı” (2007), “Doroti Mills” (2008), “Kolombiana” (2011) kimi filmlərə musiqi bəstələyib. Daha çox “Girov” trilogiyasının bəstəkarı kimi şöhrət qazanıb. “Böyük usta” filminə yazdığı musiqiyə görə 2013-cü ildə 8-ci Asiya Kino Mükafatının laureatı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nathaniel_M%C3%A9chaly