İen MakŞeyn
Aktyor, rejissor
İen Devid Makşeyn 29 sentyabr 1942-ci ildə Blekbern şəhərində (İngiltərə) anadan olub. Britaniyalı teatr, kino və televiziya aktyorudur. “Qızıl Qlobus” mükafatı laureatıdır. BBC-də 1986-1994-cü illər ərzində yayımlanan “Lavcoy” və HBO-da 2004-2006-cı illərdə yayımlanan “Dedvud” seriallarında oynadığı rollarla məşhurlaşıb. Amerikanın “People” jurnalı 2005-ci ildə onu “ən cazibədar mənfi rol ifaçısı” adlandırıb. Tələbəlik illərində Makşeyn Ralf Tomasın “Vəhşi və susamışlar” (1962) filmində baş rollardan birinə dəvət olunub. Bu filmə görə məzun olmağına bir semestr qalmış universitetdən çıxır. Uğurlu debütdan sonra Britaniyanın bir sıra seriallarının çəkilişlərində iştirak edir. 60-cı illərdə onun iştirakı ilə Con Millzin “Qaraca-qız” dramı ekranlara çıxır. Ardınca Emili Brontenin “Tufanlı aşırım” romanı əsasında ekranlaşdırılmış eyniadlı telefilmə çəkilir. Kino və televiziya karyerasına paralel olaraq Brodvey və Vest-end teatr tamaşalarında səhnəyə çıxır. 2006-cı ildə “Dedvud” serialının yayımının dayandırılmasından sonra digər layihələr üzərində çalışmağa başlayıb. “Biz bir komandayıq” filmində həlak olmuş idmançının atası rolunu təsirli şəkildə oynayıb və tamaşaçıların rəğbətini qazanıb. Vudi Allen “Sensasiya” adlı komediyasında onu ölmüş jurnalist roluna götürüb. Daha sonra “Qoçaq” komediyası və “Zülmətin yüksəlişi”, “Ölümcül yürüş”, “39 nömrəli iş” kimi filmlərdə çəkilir. Eyni zamanda “Şrek 3”, “Kunq-Fu Panda”, “Koralina Qorxulu aləmdə” kimi animasiya filmlərinin səsləndirilməsində iştirak etməklə, tamaşaçılara zəngin səs bacarıqlarının olduğunu da isbat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D1%88%D0%B5%D0%B9%D0%BD,_%D0%98%D1%8D%D0%BD