Kianu Rivz

Kianu Rivz

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Kianu Çarlz Rivz 2 sentyabr 1964-cü ildə Livanın paytaxtı Beyrutda anadan olub. Anası kostyumlar üzrə rəssam Patrisiya Bond, atası geoloq Semüel Noulin Rivz olub. Anası ingilisdir, atası Havayi adasında doğulub, ingilis, irland portuqal əsillidir. Çinlilərlə də uzaq qohumluğu var. Rivzin anası atası ilə Beyrutda tanış olub. Atasının narkotik vasitə alveri ittihamı ilə məhkumluğu olub. Kianunun 3 yaşı olanda ailəsini atıb. Anası dörd dəfə ərdə olduğuna görə Rivz tez-tez yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. 9 ilini kirayə evlərdə və ya otellərdə keçirib. Kaliforniyanın “Şato Marmon” otelinin demək olar ki, daimi sakininə çevrilib. İlk evini 2003-cü ildə Hollivud Hilz rayonunda alıb. Hazırda Nyu-Yorkun Mərkəzi Park dairəsində də mənzilə sahibdir. Atası amerikalı olduğu üçün ABŞ vətəndaşıdır. Həmçinin naturalizasiya hüququna əsasən Kanada vətəndaşlığına malikdir. 2003-cü ilin aprel ayında qanunvericilikdə baş verən dəyişikliklərdən sonra Britaniya pasportu əldə etmək hüququ da qazanıb, belə ki, anası ingilisdir. Rivz heç vaxt evli olmayıb. 1999-cu ildə vətəndaş nikahında olduğu həyat yoldaşı Cennifer Saym ondan ölü uşaq dünyaya gətirib. Saym özü isə 2001-ci ilin aprel ayında Los-Ancelesdə düşdüyü yol qəzasında həlak olub. 2008-ci ildə paparazzi Elison Silva Rivzi məhkəməyə verərək, ona dəymiş mənəvi ziyana və xəsarətlərə görə 711 974 min dollar təzminat ödəməsini tələb edib. İddiaya görə Rivz Los-Anceles xəstəxanasına dostuna dəyməyə gələn zaman onu maşını ilə əzib. Məhkəmə araşdırması bir il yarım davam edib. Ancaq məhkəmənin 12 andlı münsifi bir saat götürqoy etdikdən sonra paparazinin iddia tələbini təmin etməyib və Rivz bəraət alıb. Böyük şöhrətə malik olmasına baxmayaraq, təkəbbürlü deyil və özünü gözə soxmağı sevmir. Həmçinin təvazökar və sadədir. İnsanlar onun qəmgin və melanxolik simasını tez-tez ictimai nəqliyyatda və ya küçələrdə görə bilir. 2010-cu ildə tək-tənha qəlyanaltı edən Rivzin qəmgin fotosu “Qüssəli Kianu” internet meminin meydana gəlməsinə yol açıb. Facebook-da 15 iyun qeyri-rəsmi olaraq “Kianu Rivzin kefini açma” günü elan edilib. Ad günlərini mətbuata qapalı keçirir. 50-ci yubileyini evində bacısı ilə keçirib. Daha çox “Matrisa”, “Con Uik”, “Conni Mnemonik”, “Sürət”, “Küçə kralları”, “İblisin vəkili”, “Konstantin”, “Bill və Tedin inanılmaz əhvalatları” və digər blokbasterlərdə oynadığı rollarla şöhrət qazanıb. Rivz Stiven Frirz (“Təhlükəli əlaqələr”, 1988), Qas Van Sent ( “Mənim şəxsi ştatım Aydaho”, 1991), Frensis Ford Koppola (“Drakula”, 1992) və Bernardo Bertoluççi (“Balaca Budda”, 1993) kimi rejissorların filmlərinə çəkilib. 31 yanvar 2005-ci ildə Kianu Rivzin adına Hollivudun Şərəf Xiyabanında ulduz lövhə qoyulub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B2%D...

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç