Muxtar Əşrəfi
Bəstəkar
Muxtar Əşrəfi – özbəkistanlı Sovet bəstəkarı, dirijoru, pedaqoqu və ictimai xadimidir. 1951-ci ildə Xalq artisti adını alıb. 1943 və 1952-ci illərdə Stalin mükafatı laureatı olub. Müasir özbək musiqisinin banilərindən sayılır. 29 may 1912-ci ildə Buxarada, tanınmış xalq müğənnisi Əşrəfjan Hafizin ailəsində dünyaya göz açıb. Atası onun ilk müəllimi olub. Onun təsiri altında yeddi yaşından özbək milli alətlərində ifa etməyə başlayıb. 1924-1929-cu illərdə Buxara Şərq Musiqi məktəbinin dutar sinifində oxuyub, paralel olaraq Buxara Maarif İnstitutunda təhsil alıb. 1929-1931-ci illərdə Səmərqənddə Musiqi və xoreoqrafiya Elmi-Tədqiqat İnstitutunda oxuyub. 1934-1936-cı illərdə P.İ.Çaykovski adına Moskva konservatoriyasının tələbəsi olub. 1941-1944-cü illərdə ali təhsilini Daşkənddə davam etdirib. 1948-ci ildə Leninqrad konservatoriyasının dirijorluq fakültəsində eksternaturanı bitirib. 1940-1948-ci illərdə Özbəkistan SSR bəstəkarlar şurasının təşkilati komitəsinin sədr müavini olub. 1948-ci ildən SSRİ bəstəkarlar şurasının rəyasət heyətinin üzvü olub. 15 dekabr 1975-ci ildə vəfat edib və Daşkənddə dəfn olunub.
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%88%D1%80%D0%B0%D1%84%D0%B8,_%D0%9C%D1%83%D1%85%D1%82%D0%B0%D1%80_%D0%90%D1%88%D1%80%D0%B0%D1%84%D0%BE%D0%B2%D0%B8%D1%87