Oleq Valerianoviç Basilaşvili - Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artistidir (1984). Oleq Basilaşvili 26 sentyabr 1934-cü ildə Valerian Nuşirəvanoviç Basilaşvili (1900-1975) və İrina Sergeyevna İlyinskayanın (1908-1980) ailəsində anadan olub. Gürcü soyadı olan Basilaşvili yalnız onun atasında rast gəlinir. Belə ki, ona qədərki əcdadlar hamısı Basilov soyadını daşıyıblar. Oleqin ana babası Sergey Mixayloviç İlyinski (1872-1934) memar, ata babası Nuşirəvan Keyxosroviç Basilov (1867-1943) isə polis nəzarətçisi olub. Basilaşvilinin əcdadları Gürcüstana təqribən 400 il əvvəl Basian dağından, indiki Türkiyə ərazisindən gəliblər. 1956-cı ildə MBTA məktəb-studiyasında Pavel Massalskinin kursunu bitirib. 1959-cu ildə Böyük Akademik Dram Teatrının (hazırda Tovstonoqov adına Böyük Akademik Dram Teatrı) truppasına dəvət olunur. Orada Georgi Tovstonoqovun bir neçə quruluşunda ("Okean", "Üç bacı", "Barbarlar" və s.) iştirak edib. Rejissorlar Eldar Ryazanovun ("İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal") və Georgi Daneliyanın ("Payız marafonu") filmlərindəki rolları isə aktyora məşhurluq gətirib. Maraqlıdır ki, 1975-ci ildə Oleq Basilaşvili atasının ölümü ilə bağlı Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki İppolit roluna çəkilməkdən imtina etmişdi. 1990-1993-cü illərdə RSFSR-in (Rusiya Federasiyası) millət vəkili olub. 2006-cı ildə "Əsrin avtoqrafı" kitabının buraxılışında iştirak edib. 2015-ci ilin dekabrında aktrisa Alisa Freyndlixlə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış ediblər. Ailəlidir. Birinci evliliyi aktrisa Tatyana Doronina ilə olub. Bu ailə səkkiz ildən sonra dağılıb. Basilaşvilinin ikinci arvadı jurnalist Qalina Mşanskaya olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Oleq_Basila%C5%9Fvili