İnna Mixailovna Çurikova 1943-cü il oktyabrın 5-də Ufa vilayətinin Belebey kəndində (Başqırdıstan, Rusiya) anadan olub. Anası Yelizaveta Zaxarovna biokimya üzrə elmlər doktoru idi, atası Mixail Çurikov isə Kənd Təsərrüfatı Akademiyasında işləyib. 1950-ci ildə anası ilə atası ayrılıb və anası İnna ilə birlikdə Moskvaya köçüb. Orta məktəbdə çox yaxşı oxuyan İnna getdikcə teatra maraq göstərir. Həyatda hər şeyə öz zəhməti və iradəsi ilə nail olan anası da çox istəyib ki, qızı gələcəkdə aktrisa olsun. İnna Çurikovanın xarici görünüşü aktrisalığa uyğun gəlməsə də, anası onu həmişə gözəl hesab edib. Sonralar İnna Çurikova etiraf edib ki, anası olmasaydı, özünə inanmazdı. Məktəbi qurtaranda İnna sənədlərini Şukin adına Teatr Məktəbinə versə də, qəbul ola bilmir. Onun xarici görünüşü imtahan götürən müəllimlərin xoşuna gəlmir. Hətta “Sən özünə güzgüdə baxıb imtahana gəlmisən?” demələri İnnaya çox pis təsir edir. İmtahan otağından deyinə-deyinə çıxır: “Məni qəbul etmədilər, eybi yoxdur”. Lakin tale onun üzünə gülür və o, Şepkin adına Teatr Məktəbində təhsil almağa başlayır. İnnanın istedadını görən müəllimləri elə birinci kursdan ona kinoda çəkilməyə köməklik edirlər. Beləliklə, o, “Borsk üzərində buludlar” (1961), “Mən Moskvada addımlayıram” (1963), “İndi haradasan, Maksim?” (1964), “Morozko” (1965) və sair filmlərdə rol alır. 1965-68-ci illərdə İnna Moskva Gənc Tamaşaçılar Teatrında işləyir, kütləvi səhnələrdə, kiçik epizodik rollarda səhnəyə çıxır. 1973-cü ildən “Lenkom” teatrında çalışmağa başlayır. Burada Çurikova “Qağayı”, “Evlənmə”, “Milyonçular şəhəri”, “Vəhşi və kafir” və sair bir-birindən maraqlı rollarla tamaşaçıların məhəbbətini qazanır. 1973-cü ildə aktrisa P.Todorovskinin “Hərbi səhra romanı” əsasında çəkilən eyniadlı filmdə roluna görə Berlin kinofestivalının “Ən yaxşı qadın rolu” mükafatına layiq görülür. Aktrisanın rejissor Qleb Panfilovla görüşü isə onun şəxsi həyatını kökündən dəyişir. “Müqəddəs qəlb” filmindəki Tanya rolu onu daha da məşhurlaşdırır. Onun daxili aləmi, istedadı Qleb Panfilovun diqqətini çəkir və bundan sonra Çurikova rejissorun filmlərində baş qəhrəmanları oynayır: “Başlanğıc”da eyni zamanda iki rol - Paşa Stroqanova ilə Janna Dark, “Mövzu”da Saşa Nikolayeva, “Vassa”da Vassa Jeleznova və s. Son roluna görə 1983-cü ildə Moskva kinofestivalının mükafatına layiq görülür. Rejissor öz aktrisasını, aktrisa isə öz rejissorunu tapır. Beləliklə, onların əməkdaşlığı məhəbbətə çevrilir. Bu nikahdan onların İvan adında bir oğulları dünyaya gəlir. O isə atasından və anasından fərqli olaraq, beynəlxalq hüquqşünas ixtisasını seçir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C4%B0nna_%C3%87urikova