Aleksey Balabanov

Aleksey Balabanov

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA
Aleksey Balabanov 25 fevral 1959-cu ildə Sverdlovskda (Rusiya) anadan olub. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalının ikiqat mükafatçısı olub. Nikolay Dobrolyubov adına Nijni Novqorod Dövlət Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb. 1981-83-cü illərdə Sovet ordusunda zabit kimi hərbi xidmət keçib (hərbi-nəqliyyat aviasiyasında). Bu illər ərzində Afrika və Asiya ölkələrinə səyahət edib. Sonradan bu təcrübə ona "200-cü yük" filmində kömək olub. Əfqanıstan müharibəsinin iştirakçısı olub. Hərbi qulluğunun bitməsinə az qalmış Hərbi Dəniz Donanmasına keçirilir və həmin illərdən dənizçi geyiminə xüsusi sevgisi yaranıb. Sverdlovsk kinostudiyasında dörd il rejissor assistenti işləyib. 1990-cı ildə Ali Ssenaristlər və Rejissorlar kursunun məzunu olub. İlk filmini 26 yaşında 1985-ci ildə Uralda lentə alıb. Filmin ssenarisi bir gecəyə yazılıb. Az büdcə ilə ərsəyə gələn filmin çəkilişləri restoranda aparılıb. Filmdə "Nautilus Pompilius" musiqi qrupunun mahnılarından istifadə olunub. Balabanov qrupun lideri olan Vyaçeslav Butusov ilə tanış idi. Debütündan sonra sənət kinosuna meyl edən rejissor, peşəkar aktyorlarla işləməkdən imtina etməyə başlayır. 1990-cı ildə Balabanov Sankt-Peterburqa köçür. 1992-ci ildə dostu Sergey Selyanovla bərabər "STV" kino şirkətini yaradır. Rejissorun əksər filmləri bu kompaniya vasitəsi ilə çəkilir. İlk iki tammetrajlı filmində rejissor ədəbiyyata müraciət edir. "Xoşbəxt günlər" Semyuel Bekketin, "Qəsr" isə Frans Kafkanın əsərləri əsasında çəkilir. Balabanovu məşhur edən film isə cavan muzdlu qatilin hekayəsindən bəhs edən 1997-ci ildə çəkilmiş "Qardaş" filmi olur. Film Rusiya kino tarixinin 90-cı illər üçün kultuna çevrilir. 1998-ci ildə Balabanov ssenarisini beş il qabaqcadan yazdığı, lakin maliyyə çatışmazlığı ucbatından reallaşdıra bilmədiyi "Eybəcərlər və insanlar haqqında" filmini təqdim edir. Film mübahisəli mövzusuna baxmayaraq (filmdə Rusiya İmperiyasındakı pornoqrafiya istehsalçıları barəsində danışılır), "Ən yaxşı film" kateqoriyasında "Nika" mükafatına layiq görülür. 2000-ci ildə Balabanov “Qardaş” filminin sikveli olan “Qardaş 2” filmini çəkir. Bu dəfə hadisələr Moskvada və ABŞ-da cərəyan edir. Film yenə hadisəyə çevrilir və sevilir. Rejissor İkinci Rus-Çeçen müharibəsindən bəhs edən və birmənalı qarşılanmayan "Müharibə" filmini təqdim edib. "Ağır" filmlərdən sonra Balabanov baxış bucağını dəyişmək üçün iki "yüngül" "Gözbağlıca" kriminal komediya filmini və "Mənə ağrılı deyil" melodramını çəkir. Balabanovun sonuncu işi 2012-ci ildə çəkilmiş "Mən də istəyirəm" filmi olub. Rejissor bu filmdə insanın həyatdan getməsi problemini anlatmağa çalışıb. Balabanov filmin bəzi kadrlarında epizodik rolda çəkilib. Bu filmdən sonra o, müsahibələrində tezliklə öləcəyinə işarə etməyə başlamış və bu filmin onun sonuncu filmi olacağını söyləmişdi. Aleksey Balabanov 2013-cü il mayın 18-də saat 16 radələrində Sestroretsk şəhərindəki (Peterburqun kurort rayonu) "Qum Təpələri" sanatoriyasında növbəti ssenarisi üzərində işləyərkən ürək tutmasından vəfat edib. Onun 54 yaşı var idi. Smolensk qəbiristanlığında dəfn olunub. Balabanov həvəskar və sənədli filmləri nəzərə almasaq, 14 bədii film çəkib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Aleksey_Balabanov
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç