Bernardo Bertoluççi
Rejissor, ssenarist, aktyor, prodüser, montajor
Bernardo Bertoluççi — italiya kinorejissoru, prodüser, ssenarist, aktyor və dramaturqdur. 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı olub. "Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) filmlərinin triumfal uğurundan sonra İtaliya sərhədlərindən kənarda, o cümlədən Şərqdə işləyib və özünü "skeptik həvəskar-buddist" adlandırıb. Bernardo Bertaluççi İtalyanın Parma şəhərində, Attilio Bertoluççinin ailəsində dünyaya gəlib. Bertoluççi incəsənətlə sıx əlaqələri olan ailədə doğulub. Atası şair, kinotənqidçi, incəsənət tarixi professoru Attilio Bertoluççi tənqidi məqalələr yazırdı. Anası Ninetta məktəb müəlliməsi olub. Bernardonun kiçik qardaşı Çuzeppe teatr rejissoru və ssenaristdir. Əmisioğlu Çovanni Bertoluççi ilə birlikdə bir necə kinolayihənin üzərində birlikdə işləyiblər. Bernardonun kinoya olan marağını görən atası onu həvəsləndirir özü ilə çəkilişlərə aparırdı. Onun kinoda ilk işləri 16 mm-lik lentə çəkdiyi həvəskar filmləri “Kanat yolu” (1957) və “Donuzun ölümü” (1958) olub. Bernardonun atası məşhur rejissor Pyer Paolo Pazoliniyə ilk kitabını nəşr etməyə kömək etdiyinə görə Pazolini Bernardonu 1961-ci ildə “Akkatone” filminə birinci assitent vəzifəsinə dəvət edib. Universitetdə təhsil aldığı zaman Bertoluççi sol ideyalarla maraqlanır və İtaliya kommunist partiyasına üzv olur. 1962-ci ildə Bernardo “Sümüklü kirvə” (La Commare Secca) ilk tammetrajlı filmini çəkir. Bu filmdə detektiv süjet Bertoluççiyə sosial ədalətsizlik, insanın cinsiyyəti və taleyin dönüklüyü mövzularına toxunmaq üçün xidmət edir. Film üzərində işləmək üçün 22 yaşlı rejissor universitet təhsilini yarımçıq qoyur. Məhz bu ildə onun nüfuzlu ədəbiyyat mükafatı Viaredjoya layiq görülən “Sirrin axtarışında” adlı şeir kitabı çapdan çıxıb. İki ildən sonra 1964-cü ildə Bertoluççi “İnqilab öncəsi” (Prima Della Rivoluzione) filmini çəkir. Konformist “atalara” qarşı gəncliyin inqilabı mövzusu 1968-ci il hadisələrinin öncəgörməsi kimi qəbul edilir. Filmin adı Taleyranın məşhur “İnqilab öncəsi illərdə yaşamayan insan həyatın şirinliklərini anlaya bilməz” ifadəsinə işarədir. Film 1971-ci ildə mavi ekrana çıxıb. 1965-1966-сı illərdə tammetrajlı “Neft kəməri” sənədli filmini çəkir, tamamlanmamış “Kanal” (1966) filmi üzərində işləyir, “Sevgi və qəzəb” (Amore e rabbia, 1967) almanaxı üçün “Сanvermə” qısametrajlı filmini çəkir. 1968-ci ildə üçüncü tammetrajlı “Partnor” (Partner) filmi ilə böyük ekrana Dostoyevskinin “Oxşar” pyesinin hadisələrini gətirir. Bu filmi Bertoluççinin “Şizofreniya barədə şizofrenik filmi” adlandırırlar. Bertoluççi italyan kinomatoqrafiyasının digər nümayəndələrinin də diqqətini cəlb etmişdi. O, bu ildə Serjeo Leone və Dario Arjento ilə birlikdə “Bir dəfə vəhşi qərbdə” filminin ssenarisi üzərində işləmişdi. 1969-cu ildə ekranlara Bertoluççinin Borxesin “Xəyanətkar və qəhrəman mövzusu” hekayəsi əsasında çəkdiyi “Hörümçək strategiyası” (La Strategia Del Ragno) televiziya filmi çıxır. Rejissorun sözlərinə görə faşizmin psixoloji səbəbləri, keçmişin bu günə müdaxiləsi, ata və oğlun oxşarlığı, xəyanətin qəhrəmanlaşdırılması filmin əsas mövzularıdır. 1970-ci ildə ekrana rejissora dünya şöhrəti gətirən “Konformist” (Il Conformista) filmi çıxır. Film Alberto Moravianın eyniadlı romanı əsasında çəkilmişdi. 29 yaşlı rejissorun bu işi bütün peşəkar kinotənqidçilərdən yüksək qiymət almışdır. Film 1971-ci ildə Ən yaxşı film nominasiyasında milli İtalyan kinomükafatı “David di Donatelloya” layiq görülmüşdü. Film Bertoluççiyə Ən yaxşı ssenari nominasiyasında ilk Oskar namizədliyini gətirmişdir. Təhkiyə strukturunun mürəkkəbliyi və kinomatoqrafda novatorluğuna görə bu film dünya kinomatoqrafının inkişafına əhəmiyyətli təsir göstərmiş, “Xaç atası” (1972), “Apokalipsis bu gün” (1979) kimi yeni nəsl psixoloji dramların ərsəyə gəlməsinə imkan yaratdı.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bernardo_Bertolu%C3%A7%C3%A7i