Yuliy Qusman

Yuliy Qusman

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Yuli Solomonoviç Qusman 1943-cü il avqustun 8-də Bakıda anadan olub. Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Rusiya və Moskva Kinematoqrafçılar İttifaqının katibi, professor, “Dostluq” və “Şöhrət” ordenin sahibidir. Onun atası hərbi həkim, tibb elmləri doktoru, anası isə aktrisa və pedaqoji elmlər doktoru idi. 1960-cı ildə orta məktəbi bitirən Yuli Qusman, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Lakin tibb elmindən daha çox psixologiya ilə maraqlanır. Hipnoz, yuxuda öyrənmə, görücülük, psixoterapiya. Freydin əsərləri onu xüsusilə cəlb edirdi. İnstitutda fəallığı ilə fərqlənirdi. İctimai işlə və idmanla məşğul olur, bədii özfəaliyyətdə iştirak edirdi. İdmanın müxtəlif növləri üzrə doqquz dərəcəsi var. 1966-cı ildə institutu bitirib “həkim-psixiatr” ixtisası alan Yuli Qusman 1970-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində “Psixologiya və psixiatriya” ixtisası üzrə aspiranturanı bitirib, “Serebral ateroskleroz zamanı klinik-psixoloji korrelyasiyalar” mövzusunda dissertasiya müdafiə edib. 1964-cü ildə Yuli dostları ilə birlikdə Bakı Şən və Hazırcavablar Klubunu (ŞHK) yaradır. Bir ildən sonra həmin klubun kapitanı olur və yeddi il sükanı əlindən vermir. 1967-1972-ci illərdə ŞHK-lər arasında yarışların heç birində uduzmayan bu komanda, dəfələrlə SSRİ çempionu, 1970-ci ildə isə “ŞHK çempionlar çempionu” Kubokunun sahibi olub. 1973-cü ildə SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Ali Rejissorluq və Ssenaristlər Kursunu bitirəndən sonra Bakıya qayıdan Yuli Solomonoviç, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) bədii rəhbəri vəzifəsində işləyib. 1982-ci ildə Y.Qusman İ.M.Qoldinlə birlikdə tarixdə ilk dəfə SSRİ ilə ABŞ arasında kosmik telekörpünün ssenarisini hazırlayıb və bu ideyanı həyata keçirib. Yuli Qusman 1988-ci ildən Moskvada yaşayır. 1988-2002-ci illərdə Mərkəzi Kino Evinin direktoru olub. Rusiyada ilk dəfə olaraq A.İ.Soljenitsın və N.S.Xruşşova həsr edilmiş siyasi gecələr, N.M.Korjavin və V.N.Voynoviç ilə yaradıcılıq görüşləri keçirilməsi təşəbbüsünü gerçəkləşdirib. O, televiziyada da çalışıb. 1996-2000-ci illərdə “VİD” teleşirkətinin “Tema” publisistik proqramının və radio verilişlərinin aparıcısı olub. Yuli Qusman həm də Rusiyada ilk “Nika” milli kinematoqrafiya mükafatının və gənc kinematoqrafçılar üçün “Zelyonoye yabloko – zolotoy listok” (“Yaşıl alma – qızıl yarpaq”) mükafatının təsis edilməsi ideyasının müəllifi kimi məşhurdur. Yuli Qusman rejissor kimi “İisus Xristos - superulduz”, “Lamançalı adam”, “Üç muşketyor” və başqa tamaşalara quruluş verib. O, “Bir ailəlik bağ evi”, “Qorxma, mən səninləyəm”, “Sovet dövrünün parkı” və başqa filmləri çəkib. Yuli Qusman həm də beynəlxalq ŞHK klubunun münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresinin rəyasət heyətinin üzvü, Rusiya Teatr Xadimləri və Jurnalistlər İttifaqının üzvüdür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://azertag.az/xeber/Yuli_Qusman___sovet_ve_Rusiya_kinorejissoru_televiziya_ve_radio_verilislerinin_aparicisi_Nika_mukafatinin_tesischisi-876311

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç