Marko Beltrami 7 oktyabr 1966-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. İtaliyan və yunan əsillidir. Braun universitetini bitirib, daha sonra Yel Universitetinin musiqi məktəbini bitirdikdən sonra Los-Ancelesə köçərək Tornton musiqi ali məktəbinə daxil olub. Məktəbdə Cerri Qoldsmitdən dərs alıb. 1994-cü ildə kino bəstəkarı olaraq debütünü gerçəkləşdirir və “Ölüm matçı” adlı film üçün musiqi bəstələyir. Rejissor Ues Kreyvenin lentə aldığı “Qışqırıq” (Scream) filminə yazdığı saundtrekdən sonra dünya şöhrəti qazanıb. Həmin vaxtdan bəri ona başlıca olaraq qorxu filmləri və trillerlər üçün sifarişlər verirlər. Buna “Mutantlar” (1997), “Fakültə” (1998), “Mələyin gözləri” (2001), “Əcəb qatardır” (2001), “Şər sakini" (Resident Evil) (2002), “Bleyd 2” (2002), “Mən, robotam” (2004), “Gecə reysi” (2005) filmlərini misal göstərmək olar. Beltrami müstəqil rejissorlarla da əməkdaşlıq edib. Onun kino musiqisinə verdiyi töhfələr diqqətdən kənarda qalmayıb. 1998-ci ildə “Devid və Liza” filminə yazdığı saundtrekə görə “Emmi” mükafatına namizəd olub. Qorxu filmləri və trillerdən “bezən” Beltrami bu dəfə özünü əkşn-macəra filmində sınayıb. 2007-ci ildə ekranlara çıxan “Məğlubedilməz 4” filminə musiqi bəstələyib. Elə həmin il Beltrami “Yumaya gedən qatar” filminin musiqisinə görə “Oskar” mükafatına namizəd olub. 2010-cu ildə “Qasırğanın hökmdarı” filminə yazdığı musiqiyə görə yenidən “Oskar” namizədliyi irəli sürülüb. Onun musiqisinin özəl cəhətlərindən biri, bəstələrində skripka və nəfəs alətlərinə üstünlük verməsidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Marco_Beltrami