Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olub. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olub. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanı onun kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır. O, əmək fəaliyyətinə notariat kontorunda xidmətə başlamış, lakin bu iş onu qane etmədiyindən meylini teatra salmışdır. Teatra maraq onun ədəbi fəaliyyətinin başlanğıcını müəyyənləşdirmiş və o, ədəbiyyata dramaturq kimi daxil olmuşdur. Düma həyatda çox bədxərc insan olmuş, nəticədə müflisləşmişdir. Ağır vəziyyəti və dalınca düşmüş kreditorlar onu Belçikaya qaçmaq məcburiyyəti qarşısına qoymuşdur. Bu vəziyyətdə ikən övladları – qızıyla məşhur dramaturq oğlu ona dayaq olmuşdur. Dümanın 1830-cu illərdə yazdığı "Kin" (1836) və digər romantik dramları melodram xarakterini alır, buradakı münaqişələr çox vaxt xoşbəxt sonluqlu olur. Aleksandr Düma 1858 - ci ilin ikinci yarısından 1859 - cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya İmperiyası ərazisində olmuşdur. Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə, oradan da Potiyə getmişdir. O, Potidən gəmi ilə İstanbula, oradan da Marselə getmişdir. Vətənə qayıdan yazıçı səfər yaddaşını "Qafqaz Səfəri" adlı əsəri ilə oxucuları ilə bölüşüb. Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunub. “Qafqaz səfəri” əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilib. “Qafqaz səfəri” əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Əsər boyunca Azərbaycanlılardan Tatarlar olaraq bəhs edilir. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanıb. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılıb. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. Düma 1870-ci il 5 dekabrda Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat edib. O, Villers-Koteretsdə dəfn edilib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Aleksandr_D%C3%BCma