Lukino Viskonti
Rejissor, ssenarist, prodüser
Lukino Viskonti di Modrone 2 dekabr 1906-cı ildə Milanda anadan olub. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi olub. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlayıb. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor, İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılığında dəqiqliyi ilə əks etdirib. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalıb. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi. Bu epizodlarda tamaşaçı gözəl insanları və gözəl əşyaları görür. O, cəmiyyətdəki dəyişikliklərə qarşı çox həssas olduğundan həm sosioloji, həm də psixoloji filmlər çəkməyə üstünlük verib. Viskonti 1906-cı ildə Milanın qədim zadəgan ailəsində anadan olub. Hələ XVI əsrdə Viskontilərdən biri komediyalar, karnaval süjetləri yazırdı və bu yazdıqlarını Leonardo da Vinçinin dekorasiyaları önündə canlandırırdı. Onun ailəsində yazıçılar olduğu kimi, memarlar da olub. Hətta onun babası, atası və əmiləri uzun müddət Milan səhnəsinə sponsorluq ediblər. O, gənc yaşlarında qısa müddət teatrda işlədikdən sonra 1928-1929-cu illərdə təzə iş istəyi ilə teatrdan uzaqlaşır və atların yetişdirilməsi ilə məşğul olur. 1936-ci ildən Parisdə Jan Renuarın asissenti kimi kinoda işləməyə başlayır. O, öz bioqrafiyası haqda danışmağı xoşlamırdı və ona görə də uşaqlıq illərinə bioqrafiyalarda rast gəlmək çətindir. Viskonti Renuarla işə başlaması barədə belə deyirdi: "Bu gülməli bir hadisədir, cavanlıqda kinoya olan marağım daha çox idi. Amma mən kinorejissor yox, rəssam-dekorator olmaq istəyirdim. Mən kinoya gələnə qədər bir çox işlərlə məşğul olmuşam və həmin illər Erotikonun prodüsseri Qabriel Paskalla rastlaşmışam. O, mənə Londonda Floberin "Noyabr" hekayəsi əsasında film çəkməyi təklif etdi. Bu təklif məni çox maraqlandırdığından Londona yola düşdüm və burada Aleksandr Korda ilə görüşdüm. O, mənə dedi ki, Paskalın təklifi bir qara qəpiyə belə dəyməz. Bundan sonra Parisə getdim və dostum məni çox ciddi biri olan Jan Renuarla tanış etdi. Ancaq o vaxt mən Renuarı və onun filmlərini görməmişdim. Həmin illər Renuar "Şəhər kənarı gəzinti" filmini çəkməyə hazırlaşırdı. O, məni 3-cü assistent kimi işə götürdü". Viskonti Renuarın "Həyatın dibində" adlı başqa bir filmində də assistent oldu. Bu filmdə baş rolu Jan Qaben oynasa da film uğur qazanmadı. Viskonti Renuardan kinonu öyrənməklə yanaşı rəssamlıqla da ciddi məşğul olurdu və bununla bərabər Renuarın yanında böyük sənət məktəbi keçirdi. Kinonun natura şedevri adlandırdığı "Şəhərkənarı gəzinti" filminin çəkilişi zamanı Viskonti Renuarın rejissor manerasından, dəsti-xəttindən asılı olmayaraq filmdə hər hansı bir predmetin estetik verilməsini mükəmməl səviyyədə mənimsədi. Onun 1942-ci ildə çəkdiyi "Dözüm" filmində Renuar məktəbinin təsiri hiss olunurdu. Filmdəki kadrlarda isti səhra, insansız peyzajlar, alçaq tavanlı otaqlardakı ölü və əşyaların təsviri simvolik məna daşıyır. Bundan başqa filmdə nəhəng natürmortlar, insan yığını, stol üstündəki çoxlu çirkli qablar və stulun bir küncündə yorğun, dəhşətli hisslər keçirən, yediyi xörəyin dadını bilməyən bir qadın (Anna Manyani) görünür. Çox vaxt filmdə baş verən hadisələri qaranlıq otağın bağlı pəncərələri arasından görmək olur. Viskonti filmdə evin qapısı ağzında dayanan və əlində oraq tutmuş bir kəndli qadını ölüm simvolu kimi təsvir edib. Küçədə görünən kütlə təhlükənin yaxınlaşmasından xəbər verirdi. Bu film barəsində belə yazırdılar: "Viskontinin bu filmində ölüm şahlıq edir". Romaya qayıtdıqdan sonra Viskonti sürgün və zindandan qayıdan adamları gizlədir. Sonra isə Abrusiyaya yola düşür və burada hərbi dustaqları cəbhə xəttindən keçirməyə kömək etdiyinə görə onun barəsində axtarış elan edilir. O, dostlarının, Anna Manyaninin evində gizlənsə də həbs olunur və məşhur Yakkorino pansionuna aparılır. İstintaqda susmasına baxmayaraq məhkəmə onun barəsində plüm hökmü çıxarır və Viskonti kameraya salınır. Amma o bundan sonra da istintaqa heç bir şey demir. Buna görə də onu bu dəfə dustaqlar üçün ayrılan ümumi kameraya salırlar. Bu kameraya hər gün dustaqlarla əylənmək məqsədilə SS hərbçiləri gəlirdi. 15 gün Yakkorinada qalan Viskonti sonralar heç vaxt bu haqda danışmırdı. O bu həbsxanada distrofiya xəstəliyinə tutulmuş və buna görə də hospitala köçürülüb. Amerikalılar Romaya daxil olanda artıq o, hospitalda idi. Bir müddət sonra Viskonti adsız kino operator kimi İtaliyada faşistlərə qarşı müqavimət göstərənlər haqda "Şərəf günləri" adlı filmini çəkir. Bu filmdən sonra 1947-ci ilə qədər o, kinoya qayıtmasa da müharibədən sonrakı illər teatr rejissoru kimi hazırladığı "Dəhşətli valideyinlər" (Jan Kokto), "Evridika" (Anuy), "Beş dəstə" (Ernest Hemenquey), "Cinayət və cəza" (Dostayevski) tamaşaları ilə Milan və Roma şəhərlərinin səhnələrində öz məharətini göstərib. Neorealistlər həmişə gerçəkliyi olduğu kimi əks etdirməyə çalışırdılar və bu baxımdan Viskonti hətta teatrda da bu üslubdan istifadə edirdi. Ömrünün axırına qədər məğlubiyyət haqqında danışmayan rejissora görə məğlubiyyət nə ümumi, nə də ki, sonuncu olur. O, deyirdi: "Mən pessimist deyiləm. Hər əsrin öz qara dövrləri var. Biz sonradan hər şeyi dərk edirik. Qoy bir az vaxt keçsin, keçirtdiyimiz bu illər bizə aydın olacaq. Cavanlar həmrəy olun!". Viskontinin yaradıcılığının zirvəsi onun üç filmi - "Ən gözəl", "Rokko və onun qardaşları", "Torpaq titrəyir" filmləri sayılır. 1960-cı ildə çəkilən "Torpaq titrəyir" filmi Venesiya kinofestivalında böyük hay-küyə səbəb olsa da jüri üzvləri filmə mükafat verməmişdilər. Bununla belə zal məhz bu filmi alqışlamış, baş mükafatı alan filmi isə fitə basmışdır. Mükafat alan filmin rejissoru mükafatı başı üzərinə qaldırdıqda zal Viskonti deyə qışqırmağa başlamışdı. Senzura filmin xeyli hissəsini kəsməyi tələb edib. Filmin tərəfdarları yazırdılar: "Ya bu filmi bağlamaq ya da ki, onu olduğu kimi qəbul etmək lazımdır". 17 mart 1976-cı ildə Romada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Lukino_Viskonti