Həsən Quliyev
Fəlsəfə elmləri doktoru, professor
Həsən Quliyev 1 avqust 1941-ci ildə Tovuz rayonunda anadan olub. 1959-cu ildə İsmayıllı rayonunun İvanov orta məktəbini bitirib. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetin fizika fakültəsində təhsil alıb. 1967-1970-ci illərdə Moskva Fəlsəfə İnstitutunun aspiranturasında oxuyub. 1971-ci ildə Moskvada "Atomizm ideyalarının idrakı funksiyası" adlı namizədlik, 1987-ci ildə isə "Yeni biliyin verballaşmasının fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasiyasını müdafiə edib. 1971-ci ildən Fəlsəfə və Hüquq İnstitutunda işləməyə başlayıb. 1973-cü ildən şöbə müdiri olub. 1979-1982-ci illərdə Ukraynanın Rovno şəhərindəki Su Təsərrüfatı İnstitutunda dosent vəzifəsində çalışıb. 1982-ci ildən başlayaraq Fəlsəfə və Hüquq İnstitutunda işləyib. 1987-ci ildə çap etdirdiyi "Metafora və elmi idrak" əsərində yeni elmi biliyin mahiyyəti haqqında xüsusilə müasir elmşünaslıqda mərkəzi yer tutan məsələlər nəzərdən keçirilib. Əsərdə müasir elmşünaslığın prinsipcə yeni istiqamət olan metafora problemi hərtərəfli nəzərdən keçirilib. 1992-1993-cü illərdə Prezident Aparatında analitik xidmətin rəhbəri olub. Son 15 ildə professor Həsən Quliyev "Turan" İnformasiya Agentliyinin analitik xidmətinə rəhbərlik edib, eyni zamanda fəal müəllimlik və ictimai-siyasi fəaliyyətlə məşğul olub. 1994-cü ildən "İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi" şöbəsinə rəhbərlik edib.1999-cu ildə nəşr edilən "Qorqud nəslinin arxetipləri" əsərində ilk dəfə olaraq Azərbaycan xalqının mentalitetinin arxetepik komponentləri tədqiq olunub. Monoqrafiyanın giriş hissəsində sovet sisteminin tənəzzülü prosesləri ilə şərtlənən və yeni müstəqil dövlətlərin yaradılması ilə əlaqədar olan ictimai-siyasi və sosial-mədəni tendensiyalar hərtərəfli nəzərdən keçirilib. Kitabda mentalitet probleminin aktuallığı əsaslandırılır, mahiyyəti hərtərəfli nəzərdən keçirilir. Digər əsərlərdə də mentalitet problemi nəzərdən keçirilib. Bir çox əsərləri əvvəlki əsərlərinin yaradıcı və məntiqi davamı sayıla bilər. Həsən Quliyevin 70-dən artıq məqaləsi fəlsəfə tarixinə, elmin, mədəniyyətin metodologiyasına, o cümlədən Azərbaycan xalqının mentalitetinə həsr olunub. Eyni zamanda çoxsaylı politoloji mövzuda 50-dən çox məqalələri çapdan çıxıb. Həsən Quliyev 2008-ci il fevralın 24-də dünyasını dəyişib. Bakıda dəfn edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_Quliyev